Muxtar Babayev brifinq keçirdi

Muxtar Babayev brifinq keçirdi Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev nazirlikdə brifinq keçirəcək.
Saat 16:00-da başlayacaq brifinq Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın işi ilə bağlıdır.
***
Brifinq başlayıb.
***
Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib: “Bu mətbuat konfransını keçirməkdə məqsədimiz ictimaiyyətə Gədəbəyin Söyüdlü kəndində monitorinqlərin ilkin nəticələrini qiymətləndirməkdir. Bilirsiniz ki, Baş nazirin 21 iyun 2023-cü il tarixli Sərəncamı ilə Söyüdlü kəndində vəziyyəti araşdırmaq üçün Komissiya yaradılıb. Ayın 22-də kənd sakinləri, zavod nümayəndələri ilə görüşlər keçirilib, texnoloji proseslərə baxmışıq. Narahatlıq doğuran gölün monitorinqini apardıq. Monitorinq işlərinə ayın 22-dən başlanılıb. Komissiyanın tərkibində olan bürün qurumlar müxtəlif istiqamətlər üzrə monitorinqlər həyata keçiriblər”.
O qeyd edib ki, ilkin nəticələr kənd sakinlərinə söylənib: “Sakinlərin narahatlığı var idi ki, havanın tərkibində çirkləndirici maddələr çox olub. Çalışdıq ki, ilk gündən hava keyfiyyətinin yoxlanılması ilə bağlı ictimaiyyətə məlumat çatdıraq. O günlərdə aparılan hava monitorinqində təhlükəli maddələr norma daxilində idi. Bununla bağlı qruplar formalaşdırılıb, bütün sakinlər müayinəyə dəvət olunub. Bəziləri gəliblər, bəziləri isə imtina ediblər. Səhiyyə Nazirliyinin arayışına görə, kənd sakinləri arasında ikinci tip şəkər, bədxassəli xəstəliklər rayon üzrə göstəricilərdən aşağıdır. Sakinlər arasında xəstəliklərin tullantılarla əlaqəsi müəyyən olunmayıb”.
Qeyd edək ki, Komissiya Baş nazirin 21 iyun 2023-cü il tarixli Sərəncamı ilə Söyüdlü kəndində vəziyyəti araşdırmaq üçün yaradılıb. Komissiyanın tərkibinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı digər aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri daxildir.
***
ETSN rəhbəri bildirib: “Dünən Prezident tərəfindən çox haqlı iradlar səsləndirilib. Xüsusən ETSN-in bəzi sahələrdə nəzarətinin lazımi formada aparılmaması ilə bağlı iradlar var idi. Cənab Prezidentin bütün tapşırıqları icra olunacaq, lazımi qüvvələr mobilizasiya olunacaq. Biz çalışacağıq belə hallar olmasın”.
***
Muxtar Babayevin sözlərinə görə, ETSN tərəfindən Gədəbəyin Söyüdlü kəndi ərazisində 86 nöqtədə monitorinq aparılıb. Monitorinqlərin nəticələrinə görə, atmosferdə zərərli qazlar, radiasiya ölçülüb, göstəricilər norma daxilində olub. Ərazidən keçən Gədəbəy çayında sionid maddəsi aşkarlanmayıb:
“Tullantı anbarı ilə bağlı layihədə normativlər pozulub. Ərazidə rekultivasiya işləri aparılmayıb, vahid monitorinqlə bağlı plan olmayıb.
Tullantı anbarları tikilməzdən əvvəl layihə sənədləri müvafiq orqanlarla razılaşdırılır. Lakin burada razılaşdırılma olmayıb və müvafiq sənədlər FHN-ə təqdim edilib”.
***
Muxtar Babayev əlavə edib: “Əgər Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər görülməsə, pay bölgüsü ilə bağlı daha sərt addımların atılmasına başlanacaq”.
Nazir qeyd edib ki, Komissiya üzvlərinin bu və digər məsələlərlə bağlı tədbirləri Baş nazirlə müzakirə olunub. Sabah isə Komissiyanın iclası olacaq. Bu sahədə görülən işlər barədə daha detallı məlumatlar açıqlanacaq.
M. Babayevin sözlərinə görə, Gədəbəyin Söyüdlü kəndində süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.
Nazir bildirib ki, mövcud tullantı anbarının istismarı 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib: “Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bununla bağlı Nazirlər Kabinetinə təklif veriləcək”.

Tehsil-press.az


Oxşar xəbərlər