“Okamponun rəyində “soyqırımının” elementlərini dəstəkləyən heç bir sübut yoxdur”

“Okamponun rəyində “soyqırımının” elementlərini dəstəkləyən heç bir sübut yoxdur” Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş prokuroru Luis Moreno Okamponun 7 avqust 2023-cü il tarixli ekspert rəyində irəli sürülən iddialar əsassız və tamamilə etibarsızdır.
Bunu beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert, “Temple Garden Chambers” hüquq firmasının müşaviri Rodni Dikson bildirib.
Qeyd olunur ki, Azərbaycan müstəqil ekspert kimi M.Okamponun gəldiyi nəticəyə hüquqi qiymət verilməsi xahişi ilə R.Diksona müraciət edib:
“Mənim tam qiymətləndirməm yaxın vaxtlarda dərc olunacaq. Məsələyə dair tam qiymətləndirməm tezliklə dərc olunacaq. Bununla belə, beynəlxalq hüquqda heç bir möhkəm əsası olmayan təxribat xarakterli belə iddiaların Azərbaycan və Ermənistan arasında hazırda davam edən sülh danışıqlarına mane olmasına və bölgədə gərginliyi qızışdırmasına yol verilməməsi əhəmiyyət kəsb edir”.
Qeyd edilir ki, Okamponun hesabatı, xüsusilə hazırkı mürəkkəb və həssas şəraitdə qərəzsiz və ciddi ekspert təhlili üçün tələb olunan dəqiq göstəricilərə cavab vermir: “Hazırda Qarabağda soyqırımı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Bu, əsassız və çox təhlükəli bir iddiadır və heç bir iştirakçı tərəf və ümumilikdə beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilməməlidir. Rəydə aşağıda vurğuladığım müəyyən əsas çatışmazlıqlar mövcuddur”.
R.Diksonun rəyində vurğulanır ki, Okamponun 30 iyul 2023-cü il tarixində X platformasında (əvvəllər “Twitter” kimi tanınan) açıqladığı kimi, onun rəyi “Artsax Prezidenti” kimi istinad etdiyi şəxsin müraciəti əsasında hazırlanıb: “O, Qarabağdakı etnik erməni separatçı qurumun qondarma rəhbəridir. Həmin qurumun 1990-cı illərdə Ermənistanın dəstəyi ilə hərbi güclə qanunsuz yaradılması yüz minlərlə azərbaycanlının qovulması nəticəsində baş verib. Onilliklər ərzində qurum beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunsa da, Ermənistan hökumətinin dəstəyi sayəsində mövcudluğunu qoruyub. Lakin 2020-ci ildə Azərbaycan 44 günlük müharibədən sonra sözügedən ərazinin bir hissəsini geri qaytarıb. O zamandan etibarən Ermənistan hökuməti beynəlxalq hüquqa uyğun olaraq, Qarabağın həqiqətən də Azərbaycan olduğunu açıq şəkildə tanıyıb. Beləliklə, qeyri-qanuni “Artsax” qurumu öz himayədarını itirib. Okampo kimi beynəlxalq hüquq müdafiəçisinin bu zəifləmiş administrasiyanın Ermənistan siyasətində itirilmiş mövqelərini bərpa etmək üçün göstərdiyi səylərə töhfə verməsi məyusedicidir. Moreno Okamponun bunu etmək həvəsində olarkən cəmi bir həftə ərzində öz rəyini verərək və “#StopArmenianGenocideinArtsakh” və “StopArmenianGenocide2023” həştəqlərini yerləşdirərək öz təhlilini qabaqcadan hazırlamaqla kifayətlənməsi sual doğurur.
Bütün bunlar, müstəqil və ədalətli ekspertin metodologiyası deyil. Bunun daha çox hüquqi məsələlərin siyasiləşdirilməsinə, onlardan siyasi məqsədlər üçün istifadə olunmasına xidmət etməsi təəssüf doğurur".
İkincisi, deyilir ki, M.Okamponun rəyi təəccüblü dərəcədə əsassızdır. Orada “soyqırımının” əsas elementlərini dəstəkləyən heç bir sübut yoxdur. Rəydə “soyqırımının” tərifini vermək yaxşı ola bilər, lakin bu, heç bir dəlil və əsas olmayan şəraitdə məsələni irəli aparmaq iqtidarında deyil:
"Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) “Xorvatiya Serbiyaya qarşı” işində izah olunduğu kimi, “soyqırımı iki tərkib elementi ehtiva edir: fiziki element, yəni törədilən əməl və ya “actus reus” və psixoloji element və ya “mens rea”. İlk növbədə fiziki elementi götürsək, Okamponun fikrincə, belə görünür ki, Azərbaycanın Qarabağla Ermənistanı birləşdirən dağ yolu olan “Laçın dəhlizini” “bağlaması” və bununla da Qarabağın etnik erməni sakinlərini həyati ehtiyaclarından məhrum etməsi səbəbindən “soyqırımı” mövcuddur. Rəyə əsasən, bu “fakt” Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiya ilə bağlı Ermənistan və Azərbaycan arasında aparılan icraatlarda aşkar edilib. Hətta bütün bu işlərin (birinin Azərbaycanın Ermənistana qarşı, digərinin isə Ermənistanın Azərbaycana qarşı qaldırdığı) heç də “soyqırımı” ilə bağlı olmadığını söyləsək belə, məhkəmənin Azərbaycan tərəfindən belə bir blokadanın olduğunu fakt kimi müəyyən etdiyini söyləmək yanlışdır.
Məhkəmənin ən son açıqlamalarını Ermənistanın qaldırdığı iş üzrə 6 iyul 2023-cü il tarixli qərarında tapmaq olar. Bu qərar “Azərbaycanın hərbi keçid məntəqələri yaratmaqla Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinə əsaslı şəkildə maneə törətməsi” ilə bağlı Ermənistanın iddiasına cavab olaraq verilib. Qərarda Ermənistanın iddiasında faktiki uyğunsuzluqlar qeydə alınıb və belə nəticəyə gəlinib ki, Məhkəmə “Laçın dəhlizi” ilə bağlı artıq verdiyi qərara dəyişiklik edilməsini əsaslandırmaq üçün hər hansı bir fərqli şəraitin mövcud olduğunu müəyyən edə bilməyib. Qeyd edək ki, bu son qərar Moreno Okampo tərəfindən ümumiyyətlə xatırlanmır.
Məhkəmə 2023-cü ilin fevralında vəziyyətlə bağlı daha əvvəlki qərarında sadəcə olaraq “12 dekabr 2022-ci il tarixində Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin “pozulduğunu” ifadə edirdi və buna görə də Azərbaycan “Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün öz ixtiyarında olan tədbirləri görməyə” çağırılırdı. Məhkəmənin istər Moreno Okampo rəyinin istinad etdiyi etirazlar (hansı ki, Ermənistanın Məhkəməyə izah etdiyi kimi artıq baş vermir), istərsə də müzakirə etdiyi sərhəd buraxılış məntəqəsi ilə bağlı konkret qərarlar açıqlamadığı məlumdur. Məhkəmə nə Ermənistanın, nə də Azərbaycanın aralarında gedən icraatlarla bağlı verdiyi qərarlara əməl edib-etmədiyi barədə açıqlama verməyib.
Beləliklə, M.Okampo rəyi məhkəmənin icraatlarını tamamilə yanlış təqdim edir".
R.Diksonun hesabatında əks olunur ki, beynəlxalq hüquq məsələsi kimi yüksək hədd olan soyqırımının müəyyənedici elementini – qrupu tamamilə və ya qismən fiziki cəhətdən məhv etmək niyyətini əsaslandırmaq üçün heç bir sübut yoxdur. Rəydəki istinadlar bu əsas tələbə cavab vermir. Heç bir sübut olmadan ekspert tərəfindən soyqırımı ittihamlarının irəli sürməsi tamamilə yanlışdır.
"Psixoloji elementə gəlincə, Moreno Okampo rəyi BƏM-in qəti şəkildə bəyan etmədiyi məsələlər əsasında onun mövcudluğunu “qeyd etməyə” – yəni yanlış nəticə çıxarmağa çalışır. Bu, açıq şəkildə “soyqırımı” üçün tələb olunan xüsusi niyyətin, yəni “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin” olub-olmadığını müəyyən etməyə çalışmaq üçün qeyri-münasib üsuldur (Məhkəmənin Xorvatiya Serbiyaya qarşı işində izah etdiyi kimi). Hətta, məhkəmə rəyin nəzərdə tutduğu nəticələri çıxarmış olsaydı belə, konkret niyyətin mövcudluğu onlardan çıxarıla bilən yeganə “ağlabatan nəticə” olmazdı və buna görə də Rəyin bu barədə gəldiyi nəticə “Xorvatiya Serbiyaya qarşı” işindəki qərar kontekstində dəstəklənməzdi", - hesabatda bildirilir.
Ekspert deyir ki, Azərbaycan Roma Statutuna tərəf deyil və rəy dolayısı ilə qəbul etdiyi kimi, Qarabağ da daxil olmaqla, öz ərazisinə münasibətdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etməyib.
"Üstəlik, rəy istinad etdiyi “faktlar”da açıq şəkildə selektiv yanaşma tətbiq edir. O, misal üçün, Azərbaycanın Qarabağın etnik erməni sakinlərini təmin etmək üçün alternativ marşrut (“Ağdam-Xankəndi marşrutu”) təklifinə toxunmur, baxmayaraq ki, bu, rəyin iddia etdiyi kimi, açıq şəkildə həmin sakinlərin “fiziki məhvinə səbəb olan həyat şəraitinin” Azərbaycan tərəfindən “qəsdən tətbiq edilib-edilməməsi” məsələsinə aiddir”, - Dikson qeyd edib.
Ekspert əlavə edib ki, rəyin nəticələrini açıq şəkildə sual altına alan müvafiq faktiki hallar rahat şəkildə ört-basdır edilir və qeyd olunmur. Beləliklə, rəy balanslaşdırılmış və hərtərəfli ekspert hesabatı olmaqdan çox uzaqdır:
“Okamponun rəyi öz təhlilində natamam və qeyri-dəqiqdir. Buna görə də onun yaxından və diqqətlə yoxlanılması vacibdir. Onun sərtliyinin Azərbaycan və Ermənistanın sülh axtarışında olan hökumətləri arasında əsassız ziddiyyət yaratmasına imkan vermək olmaz. Əvəzində onun nəşri bütün tərəflərə və beynəlxalq ictimaiyyətə beynəlxalq hüquqa uyğun olaraq davamlı sülhü təşviq etmək üçün səylərini ikiqat artırmağa təkan verməlidir. Bütün bu səbəblərdən, regiondakı tərəflər və beynəlxalq ictimaiyyət Moreno Okampo rəyinin iddia edilən nəticələri və tövsiyələrinə qarşı ehtiyatlı olmalıdırlar”.
Rodni Dikson aparıcı hüquqşünas və beynəlxalq hüquq üzrə ekspertdir. O, keçmiş Yuqoslaviya və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunallarından (ICTY/ICTR) başlayaraq bütün beynəlxalq cinayət məhkəmələri və tribunallarında həm ittiham, həm də müdafiə tərəfini təmsil edib. O, Beynəlxalq Cinayət Məhkəməsi qarşısındakı işlərdə, o cümlədən Sudanda prezident Bəşirə qarşı iddia edilən soyqırımı işi, Liviyanın keçmiş kəşfiyyat rəhbərinin işi, Şərqi Türküstan hökumətinə qarşı sürgündə olan uyğurların soyqırımı iddiası təcrübəyə malikdir. Rodni həm də Camalın dul qadınını təmsil edir. Hazırkı rəhbəri Kərim Xan ilə o, beynəlxalq cinayət məhkəmələri üzrə aparıcı dərsliyin həmmüəllifidir. “Temple Garden Chambers”, London və Haaqada təcrübə keçir.

Tehsil-press.az



Oxşar xəbərlər