Prorektor: Laçına həyat yenidən qayıdır

Prorektor: Laçına həyat yenidən qayıdır Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Artıq Laçına həyat yenidən qayıdır.
Bu fikri Azərbaycan Dövlət Pedaqoji Universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru, Əməkdar müəllim, professor Fikrət Rzayev söyləyib.
Prorektor qeyd edib ki, hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və rayon ərazisində fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, rayonun yol-nəqliyyat infrastrukturu yenidən və ən müasir standartlar üzrə qurulur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu tikilir. Tezliklə Laçın şəhərində xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri inşa ediləcək. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi planlaşdırılıb. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib. Bu il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün hər cür şərait yaradılıb. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır.
“Bu il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində keçirilən Laçın Şəhəri Günü bayram tədbirində iştirak ediblər. Həmçinin 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi quruldu. Bu gün istər işğaldan azad olunmuş torpaqlarımızda, istərsə də regionlarımızda görülən işlər dövlətimizin başçısının sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. Bu gün aparılan bu abadlıq-quruculuq işləri Laçın rayonunun və bütün bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq və bütün keçmiş məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar”, - deyə alim bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər