Fransa və ABŞ bölgədə öz maraqlarını reallaşdırmaq üçün erməni kartından istifadə etməkdədirlər - RƏY

Fransa və ABŞ bölgədə öz maraqlarını reallaşdırmaq üçün erməni kartından istifadə etməkdədirlər - RƏY “ABŞ və Fransa 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığa adekvat davranış nümayiş etdirməkdə çətinlik çəkir. Faktiki olaraq Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında elə bir ciddi əngəl qalmadığı bir zamanda Qərbin proseslərə qızışdırıcı mövqedən yanaşması, o cümlədən rəsmi Yerevanın qeyri-sabit və pozucu mövqe sərgiləməsi qəbuledilməzdir”.
Bu fikirləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev söyləyib. V.Əliyevin fikrincə, Qərbin vasitəçilik missiyasının Azərbaycan və Ermənistan təmsilçilərinin sülh danışıqlarına şəraitin yaradılması ilə məhdudlaşmalı olduğu halda, Qarabağı könüllü tərk etmiş ermənilərlə bağlı kobud manipulyasiyalar etməsi və Yerevanın da maksimum dərəcədə bundan yararlanmağa çalışması, şübhəsiz ki, sülh prosesinin irəli aparılmasına ciddi zərbə vurur. “Faktiki olaraq ABŞ, Fransa və Avropa İttifaqından aldığı təlimatlarla hərəkət edən Paşinyan və hökuməti həm də bu güclərin Cənubi Qafqazdakı geosiyasi hədəflərinin nəyin bahasına olursa-olsun reallaşdırılması yolunda bir maşaya çevrilməkdədir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yalnız bu iki ölkənin müzakirəsi ilə razılaşdırılaraq imzalanacaq hüquqi sənəddir və burada regionda marağı olan digər güclərin hər hansı bir şəkildə müdaxiləsi və ya məzmunu ilə bağlı açıq manipulyasiyalara getmələri məqbul deyil”, - deyə V.Əliyev əlavə edib.
O, XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq imperialist qüvvələrin Osmanlını əvvəl zəiflətmək, sonrakı mərhələdə isə çökdürmək məqsədilə aktiv şəkildə istifadə etdiyi kartlardan birinin də məhz qondarma “erməni məsələsi” olduğunu vurğulayıb: “Onlar dəfələrlə bu məsələdən maksimum dərəcədə faydalanmağa çalışıblar. Zatən bugünkü Ermənistan adlı dövlət də sonrakı dönəmlərdə bölgədə müəyyən geosiyasi hədəflərə çatmaqda istifadə edilmək üçün yaradılan marionet bir qurum kimi xarakterizə edilə bilər. XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrin əvvəllərində də həmin imperialist qüvvələr bölgədə öz maraqlarını reallaşdırmaq üçün eyni ssenariləri işə salaraq erməni kartından istifadə etməkdədirlər”.

Tehsil-press.az



Oxşar xəbərlər