Ermənistan sülh məsələsində konkret mövqe sərgiləməsə onu yeni bir hərbi zərbə gözləyir

Ermənistan sülh məsələsində konkret mövqe sərgiləməsə onu yeni bir hərbi zərbə gözləyir Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Qarabağ ətrafında yaranmış son vəziyyəti şərh edib.
Müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Azərbaycanla Ermənistan arasında sülh mətni üzrə razılaşmanın artıq 4-cü raundunun geridə qaldığı açıqlanıb. Bunun fonunda erməni tərəfindən Laçın yolunda beynəlxalq müşahidəçilərin yerləşməsi, Azərbaycan ərazisinə qarşı iddialar səslənir. Belə olan halda sülh prosesi hansı mərhələyə qədər davam edə bilər?
- Görünən odur ki, erməni tərəfi sülh danışıqlarını ciddi qəbul etmir. Onlar sadəcə olaraq görüntü yaradırlar. Onu göstərməyə çalışırlar ki, guya burada real bir proses gedir. Amma bəllidir ki, burada real işlər getmir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq istəmir. Praqada və Soçidə bir mərhələ kimi Ermənistan tərəfindən müəyyən bəyanatlar səslənib. Burada qeyd edilib ki, Ermənistan çox tərəfli sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Həmin bu sənədlərə diqqətlə baxsaq görərik ki, Ermənistan Tacikistanın, Özbəkistanın da ərazi bütövlüyünü tanıyıb. Fakt odur ki, bu ölkələr arasında hansısa bir münaqişə olmayıb.
- Sizcə, ərazi bütövlüyünü və suverenliyi tanımaq məsələsi necə həll edilməlidir?
- Bu ölkələr arasında imzalanan ikitərəfli sənəddə öz əksini tapmalıdır. Çoxtərəfli sənədlərə istinad burada qəbul edilmir. İndiki halda Ermənistan məhz bundan qaçır. Sadəcə olaraq erməni tərəfi taktika işlətməyə çalışır. Onlar guya özlərini daha konstruktiv göstərmək üçün bəyanatlar verir. Ona görə də, onların hansısa ciddi sənəddə razı olduğunu düşünmək olmaz. Belə olsa da, bu, Ermənistanın siyasətində hansısa ciddi dəyişikliklərə gətirib çıxarmayacaq. Praqada, Soçidə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan eyni zamanda ölkəmizin daxilində özünəməxsus silahlı qüvvələri saxlayır, oyuncaq qurumları real hakimiyət kimi təqdim etməyə səy göstərir.
- Məğlub ölkənin sülh istəməməsi nə ilə əlaqəlidir?
- Ermənistan və onun havadarlarının istəyi odur ki, bölgədə münaqişə davam etsin. Fransa, Rusiya, hətta prosesdən uzaq Almaniya belə indiki halda iki başlı bəyanatlar verir. Görünür dünya oyunçuları artıq Cənubi Qafqazda münaqişənin olmasına öyrəşiblər. Məqsəd məhz bu münaqişə ilə bölgəni idarə etmək niyyətləridir. Bundan da imtina etmək istəmirlər. İndiki halda Ermənistanın mövqeyi məhz bu oyunçuların mövqeyi ilə üst-üstə düşür. Amma onlar yaxşı başa düşür ki, bu baxışlar geopolitik balansı dəyişə bilməz. Çünki Ermənistan artıq bölgədə təklənib. Azərbaycanla Türkiyənin istisadi-siyasi, hərbi nüfuzu Ermənistanı qat-qat üstələyir. Sadəcə olaraq erməni tərəfi öz xalqını qurban verməyə hazırlaşır.
- Növbəti hərbi qarşıdurma ehtimallarını necə dəyərləndirirsiniz?
- Gərginlik artsa, Azərbaycan günlərin bir günü antiterror əməliyyatı keçirib məsələyə son qoyacaq. Burada Azərbaycanı sanksiya və qətnamələrlə qorxudanlar heç nə edə bilməyəcək. Azərbaycan bunlara məhəl qoymadan hərbi addımlar atacaq. Əslində bu qətnamələrin də real obyektivliyi bizə bəllidir. 28 il ərzində bölgədə etnik təmizləmə aparılarkən həmin təşkilatlardan səs çıxmırdı. Yəni, bu baxımdan gələcəkdə olacaq proseslər bəllidir.
- Qərbin proseslərə təsir imkanları nə dərəcədə realdır?
- Əslində Ermənistan və onların havadarlarının Azərbaycan qarşı hərbi təzyiq imkanları olduqca zəifdir. Uzaq başı onlar Ermənistan ərazisinə 5-6 jandarma, təqaüdçü polisləri göndərəcəklər. Ona görə də Azərbaycan özünün sülh konsepsiyasına sadiqdir. Amma bunun fonunda da digər amillərə də hər zaman hazırdır.
- Belə olan halda Azərbaycan sülh prosesinə nə vaxta qədər sadiq qala bilər?
- Bunun gec-tez həlli olmalıdır. Ermənistan sülh məsələsində konkret mövqe sərgiləməsə onu yeni bir hərbi zərbə gözləyir. Paşinyanın çıxışlarında da biz siyasi iradədən uzaq fikirlər eşidirik. O nəyə ümidlidir, kimə istinad edir, istəyi nədir? Bunu başa düşmək olmur. Çünki o bir tərəfdən Qarabağda yaşayan ermənilər barəsində ağız dolusu danışır. Digər tərəfdən isə Qərbi Azərbaycan icmasının müraciətini Ermənistan ərazilərinin işğalına cəhd kimi dəyərləndirir. Belə olan halda ondan soruşmaq lazımdır ki, bu işğala cəhdirsə, “sənin Qarabağda etmək istədiyin nədir? Burada ziddiyətli məntiqdən uzaq və bəsit bir məntiq var. Ona görə də, Paşinyanın çıxışları real vəziyyəti dəyişdirə bilməz.

Tehsil-press.az




Oxşar xəbərlər