AMEA-da yeniləşmə prosesləri: struktur islahatları, elmi tədqiqatların yenidən təşkili və elektron hərəkat

AMEA-da yeniləşmə prosesləri: struktur islahatları, elmi tədqiqatların yenidən təşkili və elektron hərəkat 2022-ci ilin sonlarından başlayaraq AMEA-da yeni islahatlara start verilib. Bu islahatlar, əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəlib.
Bu fikri Ümumi yığıncaqda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” adlı məruzəsində söyləyib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, yeni dövrləşdirilmə konsepsiyası əsasında Azərbaycan ədəbiyyatı tarixinin yazılması, azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi, müasir dünya fəlsəfəsinin və hüquq elminin müxtəlif problemlərinin öyrənilməsi, sosiologiya, politologiya, psixologiya, şərqşünaslıq və qafqazşünaslıq sahəsində tədqiqatların həyata keçirilməsi, müasir nəzəri prinsiplər əsasında iqtisadi tədqiqatların aparılması da diqqət mərkəzində saxlanılıb.
AMEA rəhbəri vurğulayıb ki, beynəlxalq elmi əlaqələrin yeni ideoloji əsaslar üzərində qurulması, xüsusən türkdilli ölkələr və onların elmi qurumları ilə əlaqələrin gücləndirilməsi, akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, elmi istiqamətlərlə elmi müəssisələrin strukturu arasında optimal struktur modellərinin müəyyənləşdirilməsi, paralelliklərin aradan qaldırılması qeyd olunan təşkilati tədbirlər sırasına daxildir.
Akademik İsa Həbibbəyli xatırladıb ki, AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına Elektron akademiya şöbəsi yaradılıb. Ötən müddət ərzində bu şöbə tərəfindən “Vikipediya” virtual ensiklopediyasının Azərbaycan dili bölməsinin zənginləşdirilməsi, AMEA elmi jurnallarının Rəqəmsal Obyekt İndefikatoru (DOI) ilə təmin edilməsi, AMEA-nın dövri elmi jurnallarının nüfuzlu beynəlxalq elmmetrik elektron baza reyestrlərinə daxil olunmasını təmin etmək məqsədilə onların saytlarının həmin tələblərə uyğunlaşdırılması, elmi müəssisələrin saytlarının və sosial şəbəkə profillərinin fəaliyyətinin müntəzəm olaraq monitorinqinin təşkil edilməsi, AMEA-nın elmi jurnallarının TÜBİTAK-ın ULAKBİM DərgiParkına daxil edilməsi, türkdilli elmi mühitdə yayımlanması və istinadların qeydə alınması istiqamətində mühüm işlər həyata keçirilib. Eyni zamanda, AMEA əməkdaşlarının fəaliyyətinin elmi indeksləşdirmə və xülasələndirmə bazalarına inteqrasiya edilməsi məqsədilə “Google Scholar”, “Academiya.edu”, “ORCİD”, “ResearchGate” və s. bazalarda profillərinin yaradılması və fəallığının təşkil edilməsi üçün zəruri tədbirlər həyata keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər