AMEA ilə İqtisadiyyat Nazirliyi arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

AMEA ilə İqtisadiyyat Nazirliyi arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə edilib AMEA-da Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ötən bir il ərzində akademiyada bütün sahələrdə yeniləşmə prosesinə başlanıldığını, bunlar içərisində xüsusilə elektron xidmətlər şəbəkəsinin qurulması və genişləndirilməsinin, müasir informasiya texnologiyalarının, süni intellektin elmi tədqiqatlarda tətbiqinin öndə dayandığını söyləyib. Bu istiqamətdə işlərin həyata keçirilməsi məqsədilə cari ilin yanvar ayında Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsinin, həmçinin elmi müəssisə və təşkilatlarda “Elektron xidmətlər” şöbəsinin yaradıldığını diqqətə çatdırıb.
Akademiyada elektron xidmətlərin genişlənməsi istiqamətində önəmli addımlar atıldığını diqqətə çatdıran AMEA prezidenti mövcud texniki infrastrukturun nəzərdən keçirildiyini və müasir tələblərə cavab verəcək şəkildə yenilənməyə başlandığını deyib. Eyni zamanda, Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə bu sahədə geniş əməkdaşlıq münasibətlərinin qurulduğunu, AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsi, birgə mərkəzləşdirilmiş elektron kitabxananın təşkili kimi məsələlərin gündəmdə olduğunu vurğulayıb. Həmçinin elektron arxeologiyanın yaradılması, kompüter dilçiliyi sahəsində fəaliyyətin genişləndirilməsinin qarşıdakı hədəflərdən olduğunu bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Dördüncü Sənaye İnqilabının çağırışlarından irəli gələrək mühüm addımlar atıldığını, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yaradıldığını bildirən İ.Həbibbəyli AMEA-nın da bu prosesə dəstək verməkdə maraqlı olduğunu bildirib. Vurğulayıb ki, keçirilən görüş, aparılan müzakirələr bu sahədə ümumi potensialın qiymətləndirilməsinə kömək etməklə gələcəkdə birgə layihələrin icrasında mühüm rol oynayacaq.
“Məqsədimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycanın daha da güclənməsinə elmi dəstəyin və töhfənin verilməsidir”, - deyən akademik görüşün keçirilməsinə verdiyi dəstəyə görə iqtisadiyyat naziri Mikayıl Cabbarova minnətdarlığını bildirib.
Sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış” mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına Elmlər Akademiyaları sistemində ilk dəfə olaraq yaradılan “Elektron Akademiya” şöbəsi “Vikipediya” elektron ensiklopediyasında fəaliyyətin səmərəliliyinin artırılması, institutların, elmi jurnalların saytlarının fəaliyyətinin monitorinqi və təkmilləşdirilməsi, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinin dəstəklənməsi, nüfuzlu elmmetrik bazalarda təmsilçiliyin genişləndirilməsi, elmmetrik araşdırmalar, elektron sənəd dövriyyəsinin təşkili kimi prioritet istiqamətlərdə fəaliyyət göstərir.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında 2030-cu ilədək milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsinin nəzərdə tutulduğunu, rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində mühüm işlər görüldüyünü söyləyib. Qeyd edib ki, bu sahədə fəaliyyətin icra olunmasında süni intellektin tətbiqi mühüm faktorlardandır.
Hazırda süni intellektin demək olar ki, bütün sahələrdə tətbiq olunduğunu deyən F.Cəfərov, xüsusilə elmi sahədə günümüz üçün aktual olan seysmoloji tədqiqatlarda, ana dilinin saflığının qorunmasında, arxeoloji araşdırmalar zamanı aşkarlanan qədim dillərin oxunmasında geniş istifadə edildiyini bildirib.
Sonda bir sıra əməkdaşlıq imkanları müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər