V.Putin: Rusiya-Türkiyə münasibətləri müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslanır

V.Putin: Rusiya-Türkiyə münasibətləri müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslanır Rusiya-Türkiyə münasibətləri müxtəlif sahələrdə çoxillik səmərəli qarşılıqlı fəaliyyət təcrübəsinə əsaslanır.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin xarici ölkə səfirlərinin etimadnaməsini qəbul edərkən söyləyib. O vurğulayıb ki, hər iki ölkə mehriban qonşuluq şəraitində tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək niyyətindədir.
“İkitərəfli münasibətlərin bütün əsas məsələləri Prezident Ərdoğanla mütəmadi ünsiyyətimizin gündəliyindədir. Xüsusi qeyd edim ki, Rusiya və Türkiyənin energetika sahəsində əlaqələri əsl strateji xarakter daşıyır”, - deyə V.Putin bildirib. O xatırladıb ki, “Rosatom” Türkiyədə ilk “Akkuyu” atom elektrik stansiyasının inşasını davam etdirir, “Mavi axın” və “Türk axını” boru kəmərlərinin istismarı çərçivəsində qaz nəqli sahəsində də sıx əməkdaşlıq əlaqələri qurulub, Türkiyə ərazisində qazpaylayıcı qovşağın yaradılması istiqamətində işlər davam etdirilir.
V.Putin Pakistan ilə münasibətlərin dostluq xarakteri daşıdığını qeyd edib. O, qarşılıqlı ticarət, energetika və kənd təsərrüfatı sahələrində əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Böyük Britaniya ilə münasibətlərdən danışan Rusiya Prezidenti xatırladıb ki, bu günlərdə üç müttəfiq dövlətin rəhbərlərinin iştirakı ilə tarixi Tehran konfransının 80 illiyi qeyd olunub. Bu konfrans müasir beynəlxalq münasibətlərin əsasını qoyub. V.Putin vurğulayıb ki, müharibədən sonrakı illərdən başlayaraq bu yaxınlara kimi Rusiya və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qarşılılıqlı fəaliyyəti qoruyub saxlaya bilirdi. “Londonla münasibətlərimizin indiki vəziyyəti hamıya məlumdur və ümid edirik ki, vəziyyət ölkələrimizin və xalqlarımızın mənafeyi naminə yaxşılığa doğru dəyişəcək”, - deyə V.Putin bildirib.
Qeyd edək ki, Vladimir Putin dekabrın 4-də 21 ölkənin Rusiyaya yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.

Tehsil-press.az


Oxşar xəbərlər