Azərbaycanda uşaqların zərərli informasiyalardan qorunması qanunla tənzimlənəcək

Azərbaycanda uşaqların zərərli informasiyalardan qorunması qanunla tənzimlənəcək Azərbaycanda uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması qanunla tənzimlənəcək.

Tehsil-press.az-n məlumatına görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında "Uşaq hüquqları haqqında" və "Telekommunikasiya haqqında" qanunlara uşaqların hüquqlarının qorunmasını nəzərdə tutan yeni müddəaların əlavə olunması müzakirə edilib.
Komitənin sədri Aqiyə Naxçıvanlı bildirib ki, "Uşaq hüquqları haqqında" qanunun 15-ci maddəsinə (Uşağın məlumat azadlığı) əlavənin edilməsi təklif edilir. Bu layihəyə görə, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. "Telekommunikasiya haqqında" qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) əlavə ediləcək bəndə görə isə abunəçilərin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsi də təsbit olunur. Qanunun 34-cü maddəsinə (Abunəçilərin hüquq və vəzifələri) nəzərdə tutulan dəyişiklikdə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək imkanı olacaq.
A.Naxçıvanlı bu dəyişikliklərin cəmiyyətin sosial sifarişi və onların qəbuluna ciddi ehtiyacın olduğunu deyib. Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

tehsil-press.az

Oxşar xəbərlər