DİM: Sabahdan imtahan materiallarının emalına başlanılacaq

DİM: Sabahdan imtahan materiallarının emalına başlanılacaq Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib.
Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub. İmtahanda iştirak üçün 19725 bakalavr ərizə təqdim edib.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat 30 dəqiqə davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumata əsasən, 1 nəfər üzərində mobil telefon aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və hər iki qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
Fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Bu gün saat 16:00-da DİM-in yutub kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər