Küçə itləri məsul məmurun balasını parçalasaydı...

Küçə itləri məsul məmurun balasını parçalasaydı... Nə qədər ki, küçə itləri məsul məmurun balasını parçalamayıb, vəziyyət elə belə qalacaq. Əslində bu hadisə baş verəcəyi gözlənilən idi. Gözlərimiz çox da yolda qalmadı, bu gün gözlənilən hadisə baş verdi. “Qobu Park-3” yaşayış kompleksində azyaşlını itlər parçalayıblar. Hətta bununla bağlı görüntülər də sosial şəbəkələrdə yayılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) uşağın səhhətinin ağır olduğu bildirilib, Daxili İşlər Nazirliyi isə məsələdən məlumatlı olduğunu, faktla bağlı araşdırma aparıldığını bildirib.

İllərdir insanlar sahibsiz küçə itlərindən dad edirlər. Dəfələrlə, istər paytaxt Bakıda, istərsə də regionlarda bununla bağlı çoxsaylı şikayətlər gəlib. Hətta dəfələrlə itlərin sürü şəkilində insanlara hücumu da qeydə alınıb. Ən faciəli hadisə də baş verib, gəl ki, yenə də bu məsələni heç kim həll eləmir.

Yadınızdadırsa, Qubada itin hücumuna məruz qalan 13 yaşlı yeniyetmə qız vəfat etmişdi. Hadisə qızın yaşadığı evin həyətində baş vermişdi. Küçə itləri evin həyətinə daxil olmuşdular və uşağı parçalamışdılar...

Sual olunur, bu yiyəsiz, sahibsiz, aqressiv küçə itlərinə kim cavabdehlik daşıyır?

Əldə etdiyim məlumata əsasən əvvəllər bu işlə, yəni sahibsiz itlərin küçələrdən yığılması ilə Bakı Şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi məşğul olub. Əvvəllər bu quruma itləri öldürməyə icazə verilirdisə, bu gün buna icazə yoxdur. Sahibsiz itləri yalnız toplayıb, qısırlaşdırmaq olar. Yəni ki, çoxalmasınlar...

Və yenə də sual yaranır. Niyə sahibsiz itlərin sayı Azərbaycan boyunca günü-gündən artır? Bəlkə, hansısa məmurun növbəti biznes-planıdır bu? Bəlkə itlərin sayını çoxaldıb it əti istehlak olunan ölkələrə göndərirlər? Çünki bu məsələyə məntiqli bir yanaşma tapmıram...
Yəni həqiqətənmi, bu məsələyə cavabdeh olar məmur dəstəsi anlamır ki, bir gün o itlər elə onun arvad-uşağına hücum edəcəklər? Mütləqdir ki, itlər bir dəfə də məmur balasına hücum etsin ki, məmurlar kreslolarından qalxıb bir iş görsünlər. Yoxsa kasıbınkı bala deyil?

Köpək də bilir ki, kasıbın balasını parçalasa belə ona söz deyən olmayacaq. İndi yenə heyvansevərlər hay-küy salacaq ki, bəs bizdə itləri öldürürlər. Məlumat üçün qeyd edim ki, dünyanın hər yerində itləri öldürürlər. Hətta bəh-bəhlə təriflədiyiniz Avropa ölkələrində belə. Quduzlaşmış itləri müvafiq yerə aparıb, güllə ilə vururlar. Çünki ey heyvansevərlər, quduzluq müalicə olunmur, sağalmır bu xəstəlik. Quduz it və ya digər heyvan insanı dişləsə, adam da bu infeksiyadan ölür! Başa düşürsünüz, ölmək nə deməkdir?

Niyə kimsə balasına məktəbə, işə-gücə göndərəndə ona quduz küçə iti hücum etməlidir? A kişi, o boyda Qarabağ problemini həll edən xalq, quduz itlərlə bacara bilmir. Doqquz yaşındakı uşaq niyə suveren ərazisi bərpa olunan Azərbaycanda rahat gəzə bilməsin? Niyə?

Bir anlıq o körpənin halının göz önünə gətirin. Bir dəstə quduz itin hücumuna məruz qalır. Bir tərəfdən qorxu, bir tərəfdən itlərin hürüşməsi, bir tərəfdən da ağrı. Balaca bədənini parça-tikə edir itlər. Bu faciədir! Bundan sonra ha deyilsin ki, itlər uşaqların dostudur. Bu hadisədən sonra hansı uşağın ürəyində şübhə yaranmaz ki?

Təbii ki, bir neçə günə yenə hər şey unudulacaq. Göstəriş üçün iki-üç küçə itini tutub aparacaqlar sığınacağa. Foto, videosunu çəkib hər yerdə paylaşacaqlar, vəssalam. Sonra yenə quduzlaşmış küçə itlərinin növbəti hücumunu gözləyəcəyik.

Kimsə də, rayon yerində əlinə tüfəng alıb, quduz itləri güllələyirsə bütün ölkə də ona qahmar çıxır. Xalq düşməni edir. İlahi, bizə səbir, məmurlara da vicdan ver. Ya da iki quduz köpəyi çıxart həmin məmurların qabağına. Daha nə deyim?

Kubra Məhərrəmova


Tehsil-press.az

Oxşar xəbərlər