İstiqlaliyyət küçəsində sürücülərin üzləşdiyi problemlə bağlı - Açıqlama

İstiqlaliyyət küçəsində sürücülərin üzləşdiyi problemlə bağlı - Açıqlama Məlum olduğu kimi, bir müddət əvvəl Bakıda İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində velosiped zolağı çəkilib. Lakin zolağın istifadəyə verilməsindən sonra paralel avtomobil zolaqlarında problemlərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı vətəndaşlar sosial şəbəkələrdə narahatlıqlarını ifadə ediblər.

Qeyd olunur ki, əvvəllər bu küçədə marşrut avtobusları birbaşa dayanacağın yanındakı zolağa girə bilirdisə, indi 3-cü zolaqda dayanmaq məcburiyyətində qalıblar. Bu halda isə minik avtomobillərinin hərəkət edə bilməsi üçün cəmi 2 zolaq qalır. Halbuki əvvəl bu nəqliyyat vasitələri 4 zolaqdan rahatlıqla yararlana bilirdi.

Həmçinin nəqliyyat vasitələrinin ərazidəki parkinqə girişində də problemlərin yaranması müzakirə mövzusudur. Parkinqdən istifadə etmək üçün ardıcıl dayanan nəqliyyat vasitələri də avtobusların dayanacağa girməsinə mane olur. İstisna deyil ki, yeni zolaqlarda velosiped sayı da bir neçə dəfə arta bilər. İddia olunur ki, bu say artanda vəziyyət daha da pisləşəcək. Nəticədə, sənişinlərin avtobuslardan minib-düşməsini çətinləşdirəcək.

Bu problemin həlli ilə bağlı hansısa tədbirlərin görülməsi nəzərdə tutulurmu? Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, cib tipli avtobus dayanacaq məntəqələri nəqliyyatın inkişaf etmiş şəhərlərində effektiv sayılmır: “Səbəb iritutumlu avtobusların dayanacaqdan hərəkətə başlayarkən nəqliyyatın intensiv hərəkəti səbəbindən intervalın pozulması, həmin cib məntəqələrinə daxil olarkən və oranı tərk edərkən manevr zamanı digər zolaqlarda hərəkət edən nəqliyyat vasitələrinə maneə yaratması, bəzi hallarda isə qəza halları törətməsidir. Beynəlxalq təcrübədə iri şəhərlərdə bu tip məntəqələrdən istifadə olunmur.

Azərbaycan prospektindəki cib tipli dayanacaq məntəqəsinə gəldikdə isə, buradakı cibin həndəsi ölçüləri avtobusların ora sərbəst şəkildə daxil olmasına imkan vermir. Beləliklə, bu cibin bu ərazidə heç bir əhəmiyyəti qalmır. Təhlillər göstərir ki, velosiped zolaqları təşkil edilməmişdən əvvəl də avtobuslar cibə daxil ola bilmirdi.

AYNA tərəfindən həmin ərazidə mikromobillik vasitələri üçün zolaq salınıb. 3 hərəkət zolağı isə digər nəqliyyat vasitələrinin ixtiyarındadır. Belə ki, İstiqlaliyyət küçəsindən 2 zolaqla sola - Azərbaycan prospektində dönən nəqliyyat vasitələri burada 3 zolaqla rahat hərəkətini davam etdirə bilirlər. Avtobus dayanacağa daxil olsa belə, 2 zolaq digər nəqliyyat vasitələrinin ixtiyarındadır. Velosiped zolaqları təşkil edilərkən sərnişinlərin təhlükəsizliyi tam şəkildə nəzərə alınıb”.

Parklanma məntəqəsinə gəlincə isə agentlikdən bildirilib ki, bura daxil olmaq üçün növbə gözləyən nəqliyyat vasitələri avtobusların və mikromobillik vasitələrinin hərəkətinə maneə yaradırlar: “Şəhərin bir neçə hissəsində analoji çətinliklər müşahidə olunur. Onların aradan qaldırılması üçün AYNA tərəfindən müvafiq tədbirlər görüləcək”.

Tehsil-press.az

Oxşar xəbərlər