Xarici kəşfiyyatların Bakıya artan marağının sensasion səbəbləri

Xarici kəşfiyyatların Bakıya artan marağının sensasion səbəbləri Azərbaycanda Fransa agenturasının ifşası açıq suallar qoyur - bölgədən kənar oyunçular da regiona müdaxilə istəklərini gizlətmirlər; Qərb kəşfiyyatı nələrə nail olmaq istəyir?

“Son günlər Azərbaycanda ifşa olunmuş Fransa casus şəbəkəsi ilə bağlı məsələlər aparıcı fransız mətbuatı səhifələrinin geniş müzakirə mövzusuna çevrilib, hətta həbsdə olan Martin Ryanın atası məsələlərdə Fransa kəşfiyyat orqanı DGSE-ni kəskin ittiham edən müsahibələrlə çıxış edib”.

Bu barədə "Observer Online" yazır. 06.04.2024-cü ildə yayımlanmış məqalədə qeyd edilir: “Məlum olur ki, Azərbaycanın təhlükəsizlik orqanı tərəfindən iş üzrə həbs edilənlərdən biri də Fransanın Azərbaycandakı diplomatik heyətinə yerləşdirilmiş kəşfiyyatçıları ilə əməkdaşlıq etmiş Azərbaycan vətəndaşı A.Məmmədlidir. O, Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb”.

Yazıda həmçinin məlum olur ki, hər iki şəxs kəşfiyyat rəsmilərinin tapşırığı ilə dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın nəhəng “Societe Generale” maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə münasibətlər qurub, A.Məmmədli bankın Azərbaycan banklarında müxbir hesablarının açılması və digər məsələlərdə banklararası müqavilələrin tərtibində iştirak edib. A.Məmmədlinin hansı məqsədlə uzun müddətə Şimali İrlandiyaya göndərilməsinin səbəbləri isə hələ açıqlanmayıb. 04 dekabrda qeyd olunan şəxslərin həbsindən və Fransa kəşfiyyat şəbəkəsinin uzantılarının ifşasından sonra “Societe Generale” bankının 07 dekabr 2023-cü il tarixdə Afrikanın 16 ölkəsində nümayəndəliklərinin fəaliyyətini dayandırması xüsusilə diqqəti çəkən məqamdır.

"Az zərərə düşmək üçün bank özünün Konqo, Ekvatorial Qvineya, Mavritaniya, Çad və digər ölkələrdəki filial qruplarını və törəmə şirkətlərinin əmlaklarını yerli şirkətlərə satmaq şansını əldən verməməyə və qapanmaları müxtəlif adlarla əsaslandırmağa çalışır. Məsələ də ondadır ki, ümumi uğursuzluqlar “Societe Generale” Bankının 2017-ci ildən təhlükəsizlik üzrə direktoru - əvvəl isə Fransa Silahlı Qüvvələrində Kəşfiyyat və təhlükəsizlik idarəsinin rəhbəri olmuş, “ehtiyatda” olan general Antoine Creuxun tutduğu vəzifəyə uyğunluğu ətrafında müzakirələrə rəvac verib. "Societe Generale" həmin bankdır ki, gələcək milyarder Corc Soros hələ 1988-ci ildə bankın konfedensial məlumatları hesabına səhm alqı-satqılarında qanunsuz yolla milyonlarla vəsaitə yiyələnə bilib varlanmış, 2002-ci ildə buna görə məhkum edilmiş, iri həcmdə cərimə cəzası ilə yaxasını qurtara bilmişdi, - nəşrin yazısında deyilir.

Uzun illərdir Cənubi Qafqaz regionu Qərb üçün cəlbedicidir. ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər. Onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirir. Belə ehtimallar var ki, Qərb kəşfiyyatı regionda ən güclü şəbəkəsini İrəvanda qurmağa qərar verib. Moskvanın bu regionda təsirinin azalacağını gözləyən bir sıra böyük dövlətlər güc boşluğunu doldurmaq üçün səy göstərirlər. Rusiya, Türkiyə və İran kəşfiyyatının fəallığı anlaşılandır, lakin regiondan kənar oyunçular da - Fransa, Böyük Britaniya və ABŞ regional proseslərə fəal müdaxilə istəklərini daha gizlətmirlər.

Məlumdur ki, Ermənistan İrana və Rusiyaya qarşı Qərbin hərbi-kəşfiyyat mərkəzi rolunu icra etməkdədir. Ermənistanın Qərb ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsi paralel olaraq bu ölkədə kəşfiyyat orqanlarının fəaliyyətinin genişləndirilməsinə gətirib çıxarır. ABŞ, Fransa və digər ölkələrin hərbi və kəşfiyyat təlimatçıları Ermənistanda yerləşməklə regionda fəaliyyətlərini genişləndiriblər. Qərb kəşfiyyatı regiona yerləşməklə nələrə nail olmaq istəyir? Bu fəallığın Bakıya təsirləri nə ola bilər?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Qərb kəşfiyyatının aktivləşməsində məqsəd regionu tanımaq və Cənubi Qafqaza necə təsir etmək yollarını axtarmaqdan ibarətdir. Partiya lideri vurğuladı ki, bölgəyə nüfuz etməzdən əvvəl kəşfiyyat və casus şəbəkələri regionla tanış olur, onun xarakterini öyrənirlər: “Bilirsiniz ki, bizim region spesifik xüsusiyyətlərə malikdir, həssas bölgədir və burada müxtəlif mərkəzlərin siyasi-iqtisadi maraqları mövcuddur. Təbii ki, bütün güclər öz istəklərini reallaşdırmaq, regionda qalmaq üçün strateji rəqabət aparırlar. Hazırda Qərb Rusiyaya qarşı Cənubi Qafqazda "soyuq müharibə" aparır və bölgəyə yerləşmək üçün Ermənistan üzərindən siyasət yürüdür. Bu mənada Avropa, ABŞ kəşfiyyatı regionda aktivlik nümayiş etdirir. Təsadüfi deyil ki, ABŞ-ın İraqdan sonra ən böyük diplomatik korpusu Ermənistandadır. Bu korpusda kəşfiyyatın olması şübhə doğurmur".

Partiya sədri qeyd etdi ki, Qarabağ müharibəsindən sonra bölgədə qüvvələr nisbəti köklü surətdə dəyişib: “Bəzi güc mərkəzlərinin planları alt-üst olub. Ona görə Qərb dövlətlərinin kəşfiyyat xidmətləri aktiv şəkildə regionda məlumatlar əldə etməyə çalışırlar. Xüsusən Fransanın və kəşfiyyatının necə işlədiyini görməkdəyik. Bu informasiyalar Ermənistan və bölgə ilə bağlı toplanır. Təkcə Azərbaycanda deyil, Gürcüstanda, Ukraynada, Moldovada da Qərb kəşfiyyatı fəaldır, casus şəbəkəsi işləməkdədir. Ona görə fransız agenturası artıq Azərbaycanda ifşa olunub. Bu da deməyə əsas verir ki, Qərb var gücü ilə resurslarını işə salıb. Hətta bundan sonra da casus şəbəkəsinin daha bir qolunun ifşası istisna deyil. Çünki məqsəd regionu tanımaq və Qafqaza necə təsir etmək yollarını axtarmaqdır”.

Siyasi ekspert Fuad Əliyev isə açıqladı ki, regionda geopolitik mənzərə kövrəkdir. Onun fikrincə, Rusiyanın təsir zonasına nüfuz etmək hədəfi ilə Qərb agenturası hərəkətə keçib: “Avropa fondları, donorlar zaman-zaman insan haqlarının müdafiəsi adı ilə rəngli inqilablara sponsorluq ediblər. Qərb indi postsovet məkanında çevrilişlər edə bilmir. Ermənistan, Gürcüstan, Moldova və ən nəhayət, Ukrayna nümunəsi göz qabağındadır. Odur ki, üslub dəyişib və agentura vasitəsilə bölgəyə təsir etməyə çalışırlar. Onlar ölkələrin zəif yerlərini, təzyiq göstərmək üçün "axilles dabanı"nı araşdırırlar. Azərbaycanda Qərb kəşfiyyatının cəhdləri də bundan ibarətdir. Eyni zamanda Gürcüstan “Xarici agentlər haqqında” qanun qəbul etməyə hazırlaşır".

F.Əliyevin sözlərinə görə, o baxımdan Bakıda Fransa casuslarının ifşası, Tiflisdə qanun layihəsinin müzakirəyə çıxarılması, Bişkekdə də oxşar qanunun qəbulu göstərir ki, postsovet respublikaları Qərbin təzyiq rıçaqlarını, təsir imkanlarını sıfırlamaq, buna qarşı müqavimət göstərmək üçün addımlar atırlar: “Çünki Qərb kəşfiyyatı bölgəni yenidən "qan çanağı"na və siyasi böhranların, kataklizmlərin poliqonuna çevirmək, bununla Rusiyaya qarşı yeni cəbhə açmaq arzusundadır. Amma Azərbaycan Rusiya ilə Moskva bəyannaməsinə uyğun olaraq xarici təhdidlərə qarşı birgə mübarizəni razılaşdırıb, habelə, Türkiyə ilə Şuşa Bəyannaməsi əsasında da yenə kənar hədələrin önündə çiyin-çiyinə dayanmaq qərarı verib. Odur ki, Qərb bölgədə yaranmaqda olan yeni siyasi konfiqurasiyanı - Rusiya-Türkiyə-Azərbaycan tandemini pozmağa nail ola bilməyəcək".

Tehsil-press.az

Oxşar xəbərlər