“Bu, icbari tibbi sığortanın tətbiqində çətinlik yaradırdı”

“Bu, icbari tibbi sığortanın tətbiqində çətinlik yaradırdı” “Bir neçə il əvvəl ilk dəfə icbari tibbi sığortanın tətbiqi ilə bağlı bizə ali rəhbərlik tərəfindən tapşırıq veriləndə tibb müəssisələrində ən geridəqalan sahə elektronlaşma idi. Bu, icbari tibbi sığortanın tətbiqində çətinlik yaradırdı”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ABŞ-nin “Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti” (HIMSS) təşkilatı ilə əməkdaşlıq nəticəsində ölkəmizdə ilk dəfə Yeni Klinikanın “HIMSS”in önəmli yetkinlik modulu hesab olunan “Elektron Tibbi Qeydiyyatın Qəbul Modulu” (EMRAM) üzrə VI səviyyə sertifikasiyanın tələblərinə uyğunluğunun təsdiqlənməsi ilə bağlı keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, bu baxımdan informasiyaların vaxtında çatdırılması vacib idi: “Çünki elə dövrdə yaşayırıq ki, bütün sahələrdə elektronlaşma gedir. Son 10-15 ildə tibb müəssisələrinin qurulmasına investisiya qoyulub, amma elektronlaşma baxımından geridə qalırdı. Son 3-4 ildə xüsusən TƏBİB tabeli tibb müəssisələrində elektronlaşma olub. Məndə olan məlumata görə, 1 ay ərzində 1 milyondan çox pasiyent müraciət edib. Vətəndaşlara 3 milyondan çox xidmət göstərilib. 5 milyondan çox transaksiya həyata keçirilib”.

Tədbirdə, həmçinin bildirilib ki, 2 ilə yaxındır ki, HİMSS ilə əməkdaşlıq edilir. Postsovet məkanında Rusiya və Baltikyanı ölkələr istisna olmaqla bu, ilk dəfə Yeni Klinikada həyata keçirilir.

Qeyd edək ki, tədbirdə, eyni zamanda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov, millət vəkilləri və media nümayəndələri iştirak ediblər.

EMRAM modulu üzrə VI səviyyə akkreditasiya sertifikatının əldə edilməsinin önəmi ilə bağlı çıxışlara yer verilib. Daha sonra Yeni Klinikanın beynəlxalq standartlara cavab verən infrastrukturuna dair videoçarx nümayiş olunub.

Bildirək ki, ölkəmizdə və hətta regionda ilk dəfə olaraq tibb müəssisələri arasında TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib. Sertifikat HIMSS-in önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim olunub.

Sözügedən modul stasionar xidmət göstərən səhiyyə müəssisələrində istifadə olunur. Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz, səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.

EMRAM modulu üzrə VI səviyyə akkreditasiya sertifikatının əldə edilməsi layihəsi çərçivəsində Türkiyə və Portuqaliya kimi ölkələrin təcrübələri yaxından öyrənilib.

Rusiya və Şərqi Avropada HIMSS attestasiyasından keçən cəmi iki klinika mövcuddur.

ABŞ-nin Xəstəxana İdarəetmə Sistemləri Cəmiyyəti - HIMSS 1961-ci ildə təsis edilib. Təşkilatın fəaliyyət istiqamətlərindən biri də Cəmiyyətə məxsus 7 mərhələli yetkinlik modulları üzrə standartları tətbiq etmiş tibb müəssisələrinə beynəlxalq sertifikatların təqdim edilməsidir. Bu beynəlxalq sertifikatlar informasiya texnologiyaları və idarəetmə sistemlərindən effektiv istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz və səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.

Tehsil-press.az

Oxşar xəbərlər