Əliyev Rusiyaya, Ərdoğan İraqa, Tatar Bakıya… - Nə baş verir?

Əliyev Rusiyaya, Ərdoğan İraqa, Tatar Bakıya… - Nə baş verir? Avrasiya qitəsində vəziyyət gərgindir. Müharibələrin və lokal toqquşmaların sayı artıb. Dövlət liderləri müharibələri sonlandırmaq və yenilərinin qarşısını almaq üçün səfərlərin saylarını artırıblar. Bölgədə qarşılıqlı səfərlərin çoxalması Avrasiyada mürəkkəb durumun yaranmasıyla bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa və İran Prezidenti İbrahim Rəisinin Pakistana səfəri ilə birbaşa əlaqəsi olmasa da, bu görüş və müzakirələr təhlükəsizlik məsələlərinə diqqətin artırılması ilə bağlıdır.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Kremlin başqa bölgələrdə təsir imkanları getdikcə azalır:

“ABŞ və AB Rusiyanı Cənubi Qafqaz və Mərkəzi Asiyada sıxışdırmağa çalışırlar. Pekin Kremlin strateji tərəfdaşı olsa da, Çinin də Cənubi Qafqaza və Mərkəzi Asiyaya təsir imkanları artıb. Rusiyanın hərbi hissələrinin Qarabağdan çıxarılması Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verirdi. Kreml bu məsələdə Bakıya təzyiq edə bilmədi. Əks halda bu tərəfdaşlığa xələl gətirərdi. Rusiyanın Ermənistanda da mövqeləri zəifləmək üzrədir. Kreml Cənubi Qafqazı tam itirməmək üçün Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Bakı Moskva ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək, ancaq dəhlizə Rusiya hərbçilərinin nəzarət etməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda Rusiya Orta dəhliz layihəsinin əhəmiyyətli kəsimini nəzarətində saxlayacaq. Bu, Rusiyanın həm də Türk xəttini nəzarətdə saxlaması demək olacaq. Azərbaycan Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyə və regional layihələrin reallaşdırılmasını sürətləndirməyə hazırdır. Misal üçün Kreml şimal-cənub nəqliyyat dəhlizinin yükdaşıma yükünü artırmaq istəyir. Bu dəhliz Azərbaycandan keçir. Azərbaycan bu istiqamətdə üzərinə düşəni etməyə hazırdır, sadəcə Moskva və Tehran Rəşt-Astara dəmir yolunun tikintisini həyata keçirməlidir. Beləliklə, İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə həm Azərbaycanla Ermənistan arasındakı sülh prosesini, Zəngəzur dəhlizinin gələcəyini, həm də iqtisadi əlaqələr və şimal-cənub dəhlizinin reallaşmasının sürətləndirilməsini müzakirə edəcək”.

Politoloqun fikrincə, Rəcəb Tayyib Ərdoğan da İraqa təhlükəsizlik məsələrini müzakirə etməyə gedib:

“Ankara ilə Bağdad arasında razılaşma əldə olunub. Türkiyə və İraq PKK terrorçularına qarşı birgə mübarizə aparacaqlar. PKK illərdir İraqın şimalında kök salıb. İraq öz qüvvələri hesabına PKK ilə mübarizə apararaq terrorçuları Kandil dağlarından qovmaq imkanına malik deyil. Bunu Türkiyə ordusu edəcək. İraqdan yeganə tələb Türkiyə ordusuna mane olmamaqdır. Bunun qarşılığında Türkiyə İraq iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayacaq, iki dövlət regional layihələri işə salacaqlar.

İran Prezidenti İbrahim Rəisi Pakistana səfəri ilə bu ölkə ilə arasındakı anlaşmazlığı yoluna qoymaq istəyir. İran terrorçularla mübarizə adı altında Pakistan ərazisinə zərbələr endirmişdi. Pakistan da eyni adla İran ərazisinə zərbələr endirdi. Heç-heçə olduğundan hər iki tərəf barışmağa meyillidirlər. İran İsraillə növbəti toqquşmaya hazırlaşdığına görə qonşuları ilə gərgin münasibətlər istəmir. Tehran üçün Azərbaycan istisnadır. Tehranın antiazərbaycan siyasətində fasilə yoxdur”.

E.Şahinoğlu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarın Azərbaycana planlaşdırılan səfərini də əhəmiyyətli adlandırıb:

“Ərsin Tatar Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə qatılacaq. Ümumiyyətlə Azərbaycan Türkiyədən sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanımağa hazırlaşan ikinci dövlət olmağa yaxındır”.

Tehsil-press.az

Oxşar xəbərlər