75 yaşlı pediatr: “Tibb bacısı ilə birlikdə qapı-qapı gəzib valideynləri təşviq edirdik” - MÜSAHİBƏ + FOTO

75 yaşlı pediatr: “Tibb bacısı ilə birlikdə qapı-qapı gəzib valideynləri təşviq edirdik” - MÜSAHİBƏ + FOTO “Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir”. Məşhur rus yazıçısı Anton Çexovun həkimlik sənəti haqqında dediyi bu sözlər hələ də öz aktuallığını qoruyur. O deyirdi ki, bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilmir. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır.

Ömrünün 47 ilini bu sahəyə həsr edən Bilqeyis Əliyeva da sənətinin aşiqidir. Mən onunla təsadüfən rastlaşmışdım. Çox maraqlı həmsöhbət oldu. Müsahibənin indi yayımlanması isə təsadüfi deyil. Bu gün bu dəyərli həkimin 75 illik yubileyidir. Bilqeyis xanım əslən Qərbi Azərbaycandandır. 1948-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyasından sonra müsahibimiz ailəsi ilə birlikdə Ağstafanın Vurğun qəsəbəsində məskunlaşıb. Atası Heydər Əliyev Qəmərli rayonunun Məsimli kəndində doğulub, rayonun ziyalı şəxslərindən biri olub. O, Vedi və Qəmərli rayonlarında müəllim, daha sonra isə məktəb direktoru kimi çalışıb. 28 yaşında əməkdar müəllim adına layiq görülüb. Deyirlər, istedad irsən keçir. Bilqeyis xanımın bacarığı da ona atasından yadigardır.

Bilqeyis Əliyeva ilə müsahibəni təqdim edirik:

- Öncə 75 yaşınız münasibəti ilə sizi təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq.

- Çox sağ ol, qızım, mən sevinirəm ki, peşəmə bu qədər gözəl münasibət göstərir və diqqət ayırırsınız.

- Həkimlik peşəsi məsuliyyət, səbir tələb edir. Həkim olmaq öz qərarınız idi?

- Bizim vaxtımızda heç kəs repetitor yanına getmirdi. Mən orta məktəbin sonuncu sinfində qərar verdim ki, həkim olacağam. Sənədlərimi Azərbaycan Tibb Universitetinə verdim. Birinci il müsabiqədən keçə bilmədim, amma buna baxmayaraq, ruhdan düşmədim. Növbəti il yenidən müraciət etdim və pediatr ixtisası üzrə qəbul olundum.

75 yaşlı pediatr: “Tibb bacısı ilə birlikdə qapı-qapı gəzib valideynləri təşviq edirdik” - MÜSAHİBƏ + FOTO


- Universiteti bitirdikdən sonra fəaliyyətinizi harada davam etdirdiniz?

- 1974-cü ildə universiteti bitirəndən sonra təyinatımı mikropediatr kimi Əli Bayramlı (indiki Şirvan) Şəhər Mərkəzi Xəstəxanasına göndərdilər. Orada bir il işlədim. 1976-cı ildə səhiyyə nazirinin əmri ilə Ağstafa rayonunun Düzqışlaq kənd xəstəxanasına təyinat aldım. 1981-ci ildən təqaüdə çıxana kimi isə rayonun Dağ Kəsəmən kənd məntəqəsində sahə, sonra isə ailə həkimi kimi fəaliyyət göstərmişəm.

- Deyirlər, pediatr, sadəcə, həkim deyil, həm də övladınızın sağlamlıq yolunda birlikdə addımladığı ilk dostudur.

- Arabir valideynlər zəng edib məsləhət istəyirlər, mən də bildiklərimi onlarla bölüşürəm. Ana zəng edib deyəndə ki, hər şey yaxşıdır, sanki mənim ömrüm uzanır, cavanlaşıram. Kömək etdiyim o uşaqlar mənə yenidən həyat verirlər. Həyatımı bu uşaqlara bağlamışam.

75 yaşlı pediatr: “Tibb bacısı ilə birlikdə qapı-qapı gəzib valideynləri təşviq edirdik” - MÜSAHİBƏ + FOTO


Qızım, bir şeyi də deyim ki, mənim müalicə etdiyim uşaqların sayı-hesabı yoxdur. Onların əksəriyyəti İkinci Qarabağ müharibəsində iştirak edib. Mən buna görə də fəxr edirəm, nə yaxşı ki, millətimə, dövlətimə sağlam balalar bəxş edə bilmişəm. Gecə-gündüz yorulmadan bu körpələrin həyatda yaxşı yaşaması üçün əlimdən gələni etmişəm.

- Bu gün valideynlər öz övladlarına yetəri qədər qayğı, diqqət göstərə bilirlərmi? Onlara nə kimi tövsiyələriniz olardı?

- Valideynlərə arzum odur ki, uşaqlarının sağlamlığı üçün bütün profilaktik peyvəndləri etdirsinlər. İndiki dövrdə peyvəndsiz uşaq olmasın. Anaların çoxu peyvənddən qorxur. Mən işlədiyim Dağ Kəsəmən kənd məntəqəsində biz bir uşağı peyvəndsiz saxlamırdıq. Mən özüm şəxsən sahə həkimi kimi tibb bacısı ilə birlikdə qapı-qapı gəzib uşaqların məcbur peyvəndlənməsi üçün valideynləri təşviq edirdik.

75 yaşlı pediatr: “Tibb bacısı ilə birlikdə qapı-qapı gəzib valideynləri təşviq edirdik” - MÜSAHİBƏ + FOTO


- Bayaq qeyd etdik ki, bu sahə çətindir, məsuliyyətlidir, nə vaxtsa olub deyəsiniz ki, kaş bu peşəni seçməzdim?

- Heç vaxt deməmişəm, demərəm də. Belə bir söz var - deyirlər, ya gördüyün işi sev, ya da sevdiyin işi gör. Mən bu işi hər zaman sevərək görmüşəm. Bizdə özəl klinikalar var. Dəvət edirlər, getmirəm. Kənddə yaşayıram. Öz kəndimin uşaqlarına bağlıyam. Bu kəndin səkkiz min əhalisi var. Gecə-gündüz də kənddə uşaqların qeydinə qalıram. Baxmayın pensiyaya çıxmışam, amma mənim nəfəsim, ürəyim uşaqlara bağlıdır. Ölənə qədər də belə olacaq.

- Bəs övladlarınızdan hansısa sizin yolunuzu davam etdirirmi?

- İki oğlum, bir qızım var. Hamısı ali təhsillidir. İstəyirdim, qızım yolumu davam etdirsin, amma heç biri istəmədi. Bu elə peşədir ki, gecəsi-gündüzü yoxdur. Sanki bunun məsuliyyətindən bir az qorxdular. Amma gəlinlərimin ikisi də həkimdir. Biri pediatrdır, digəri kardioloq. Oğul nəvəm də peşəmi davam etdirmək istəyir.

- Demişdiniz ki, yoldaşınız da həkim olub. Necə tanış olmusunuz?

- Bəli, qızım, yoldaşım Fikrət Əliyev də həkim olub, amma indi rəhmətə gedib. O, epidemioloq idi. Mən işlədiyim kəndə yoxlamaya gəlmişdi. Elə orada da görüb, bəyənmişdi. Əvvəl atası başqa qız almaq istəyib, amma yoldaşım mənim barəmdə onlara məlumat verdikdən sonra elçi gəldilər, beləliklə, biz evləndik.

- Bu illər ərzində işinizlə bağlı ən yaddaqalan və sizi sevindirən nə hadisə olub?

- Belə hadisələr çox olub, elə indi xatırladığımı deyim sizə. Qazaxın Aslanbəyli kəndindən bir uşaq var idi. Həkimlər baxıb demişdilər ki, uşaqda anadangəlmə ürək qüsuru var. Yaşlı həkim kimi mənim yanıma gətirdilər, yoxladım, dedim ki, bu uşaq doğulanda dölyanı maye udub. Müalicə etdim, yaxşılaşdı. Valideyni az qalırdı ki, əlimdən öpsün. Valideyn qədər mən də sevinirdim ki, nə yaxşı, bu uşağa kömək edə bildim.

75 yaşlı pediatr: “Tibb bacısı ilə birlikdə qapı-qapı gəzib valideynləri təşviq edirdik” - MÜSAHİBƏ + FOTO


- Bugünkü vəziyyətinizdən razısınızmı? Dövlətin dəstəyi sizi qane edirmi?

- Dövlətin dəstəyindən də, mənə verdiyi təqaüddən də razıyam. Ölkəmizə əmin-amanlıq arzulayıram. Allah Prezidentimizi, Ordumuzu qorusun! Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə cansağlığı versin! Şəhid analarının qarşısında baş əyirəm. Bir də ən böyük arzum Qərbi Azərbaycanı görmək, ata-baba yurdumu ziyarət etməkdir.

75 yaşlı pediatr: “Tibb bacısı ilə birlikdə qapı-qapı gəzib valideynləri təşviq edirdik” - MÜSAHİBƏ + FOTO


Tehsil-press.az

Oxşar xəbərlər