Külli miqdarda rüşvət almada təqsirləndirilən keçmiş hakimin məhkəməsi başlayıb

Külli miqdarda rüşvət almada təqsirləndirilən keçmiş hakimin məhkəməsi başlayıb Külli miqdarda rüşvət almada təqsirləndirilən Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxsi 5 vəkil - Elməddin Məmmədov, Azər Babayev, Vüqar Mahmudov, Seymur Zeynalov və Vəfadar Piriyev müdafiə edəcək.

Dövlət ittihamçısı isə Zaur Qasımovdur.

Daha sonra prokuror çıxış edərək cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib.

Məhkəmə qısa müşavirədən sonra prosesi məhkəmə baxışına verib.

Məhkəmənin ilk baxış iclası mayın 1-də keçiriləcək.

Qeyd edək ki, keçmiş hakim Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında E.Əhmədov şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər