Şahin Bayramov: “Qardaşlıq və dostluq münasibətlərinin uğurlu perspektivi digər sahələrlə yanaşı, elm və təhsil əlaqələrinin də gücləndirilməsinə ciddi zəmin yaradır”.

Şahin Bayramov: “Qardaşlıq və dostluq münasibətlərinin uğurlu perspektivi digər sahələrlə yanaşı, elm və təhsil əlaqələrinin də gücləndirilməsinə ciddi zəmin yaradır”. Hazırda Azərbaycan və Qırğız Respublikası arasında ikitərəfli və çoxtərəfli əlaqələrin yüksələn xətlə inkişafında humanitar sfera, o cümlədən elm və təhsil sahəsində əməkdaşlıq əhəmiyyətli rol oynayır. Eyni zamanda, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə, tarixi, dil, din və etnik bağlılığa əsaslanan qardaşlıq və dostluq münasibətlərinin uğurlu perspektivi digər sahələrlə yanaşı, elm və təhsil əlaqələrinin də gücləndirilməsinə ciddi zəmin yaradır.
Bu nöqteyi-nəzərdən cari ilin aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan–Qırğızıstan sənədlərinin imzalanması ikitərəfli əlaqələrin inkişafında yeni səhifə hesab olunur. Həmçinin, imzalanmış sənədlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”in yer alması ölkələrarası əməkdaşlığın gündəliyində elm və təhsilin də prioritet rolunu bir daha təsdiq etmiş oldu.
Qeyd edək ki, regionda yerləşən və hazırda modernləşmə istiqamətində fəaliyyətlərini davam etdirən Mingəçevir Dövlət Universitetində (MDU) də Azərbaycan və Qırğız Respublikası arasında elm və təhsil əlaqələrinin inkişafına xüsusi önəm verilir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin yaratdığı geniş imkanlardan faydalanmaq, eləcə də əməkdaşlığın inkişafına töhfə məqsədilə MDU-nun xarici əlaqələrində Qırğız Respublikasının müvafiq ali təhsil müəssisələri ilə işbirliyinin qurulması və genişləndirilməsi diqqət mərkəzində saxlanılır.
2022-ci ilin 14-15 sentyabr tarixlərində MDU Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən Dünya Rektorlar Forumunda təmsil olunmuşdur. “Milli innovasiya ekosisteminin qurulmasında universitetlərin rolu” mövzusuna həsr olunan Forum Qırğız Respublikasının Təhsil və Elm Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə baş tutmuşdur. Dünyanın 60-a yaxın ölkəsindən 100-dən çox ali təhsil müəssisəsinin rəhbərlərinin, ekspertlərin, beynəlxalq təşkilatların və proqramların nümayəndələrinin qatıldığı Forumun panel sessiyasında “Yeni dövrün universitetinin qurulması: innovativ və dayanıqlı inkişaf əsaslı ali təhsil müəssisəsi konsepsiyası” mövzusunda təqdimatla çıxış etmişik. Eləcə də, Forum çərçivəsində MDU və Qırğız İqtisad Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum universitetlər arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və birgə fəaliyyətlərin həyata keçirilməsini özündə ehtiva edir.
Həmçinin, 2022-ci ilin 16 sentyabr tarixində Qırğız İqtisad Universitetinə növbəti ziyarətimiz olmuşdur. Universitetin rəhbər heyəti ilə görüşdə əməkdaşlığın potensial inkişaf istiqamətləri barədə müzakirələr aparmış, bu ali təhsil müəssisəsinin kollektivi qarşısında “Yeni dövrün universitetinin qurulması: Mingəçevir Dövlət Universiteti təcrübəsi” mövzusunda təqdimat etmişik.
Bununla yanaşı, MDU 2023-cü ilin oktyabrın 25-də Qırğız İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan “İqtisadi reallıqların yeni çağırışları” mövzusunda beynəlxalq elmi konfransda təmsil olunmuşdur. Konfransın plenar iclasında “Davamlı iqtisadi inkişaf: əsas konsepsiya, qiymətləndirmə metodları və Azərbaycan nümunəsi” mövzusunda məruzə ilə çıxış etmişik. Həmçinin, konfransın bölmə iclaslarında MDU-nun 11 əməkdaşı məruzələrlə çıxış etmişdir.
Yubiley mərasimində, MDU rektorunun Qırğız İqtisad Universitetinin fəxri professoru diplomu ilə təltif edilməsi universitetlərarası əməkdaşlığın inkişafına göstərilən xidmətlərə verilən qiymətin ifadəsi kimi dəyərləndirilə bilər.

Bundan əlavə, Qırğız İqtisad Universiteti müvafiq olaraq 2021 və 2023-cü illərdə MDU-da “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda keçirilən birinci və ikinci beynəlxalq elmi konfranslara uğurla həmtəşkilatçılıq etmişdir.
Şübhəsizdir ki, sözügedən Saziş qardaş ölkələrimiz arasında elm və təhsil sahəsində qarşılıqlı maraq doğuran istiqamətlərdə əlaqələrin daha da gücləndirilməsini, təhsil subyektlərinin çoxşaxəli akademik əməkdaşlıq təşəbbüslərinin reallaşdırılmasını dəstəkləməklə əlverişli hüquqi baza təmin edəcəkdir. Hər iki ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələri Saziş çərçivəsində potensiallarının gücləndirilməsinə hədəflənən geniş birgə fəaliyyət alətlərindən fəal surətdə faydalanmaqla əməkdaşlıq prosesində hərəkətverici rola malik olacaqlar. Yeni mərhələdə MDU ilə Qırğız İqtisad Universiteti və Qırğız Respublikasının digər müvafiq ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi diqqət göstəriləcəkdir.

Tehsil-press.az

Oxşar xəbərlər