MDU Dünya Rektorlar Forumunda təmsil olunub

MDU Dünya Rektorlar Forumunda təmsil olunub Bişkekdə “Milli innovasiya ekosisteminin qurulmasında universitetlərin rolu” mövzusunda forum keçirilib
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən Dünya Rektorlar Forumunda iştirak edib. “Milli innovasiya ekosisteminin qurulmasında universitetlərin rolu” mövzusuna həsr olunan Forum Qırğız Respublikasının Təhsil və Elm Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) birgə təşkilatçılığı ilə keçirilib.
Foruma dünyanın 60-a yaxın ölkəsindən 100-dən çox ali təhsil müəssisəsinin rəhbərləri, ekspertlər, beynəlxalq təşkilatların, proqram və fondların nümayəndələri qatılıb.
Forumun açılış mərasimində Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarov, WIPO-nun Baş direktoru Daren Tanq, Dünya Bankının məsul əməkdaşı Rita Almeyda, Qırğız Respublikasının təhsil və elm naziri Almazbek Beyşenaliev çıxış ediblər.
Proqrama uyğun olaraq Forumun ilk günündə “İnnovasiyalar - iqtisadi artımın mühərrikidir”, “İnnovasiya siyasəti və idarəetmə”, “İnnovasiyalar və sosial təsir”, “İnnovasiya ekosisteminin dayanıqlı inkişafının qurulması. Ən yaxşı təcrübə”, “Ali təhsildə sahibkarlığın inkişafı”, “Akademik və sənaye müəssisələri arasında texnoloji transfer” və “Startaplar və inkubasiya” mövzularında panel sessiyalar keçirilib. Panel sessiyalarda ali təhsil müəssisələri arasında əməkdaşlığın əsas istiqamətləri, birgə kadr hazırlığı və təhsil sistemlərinin inteqrasiya imkanları, eləcə də universitetlərin tədqiqat və innovasiya fəaliyyətlərinin səmərəliliyinin artırılması, əqli mülkiyyətin kommersiyalaşdırılması, ölkələrin inkişafı üçün faydalı texnologiyaların transferi və digər məsələlər müzakirə edilib.
MDU-nun rektoru Ş.Bayramov “İnnovasiya ekosisteminin dayanıqlı inkişafının qurulması. Ən yaxşı təcrübə” adlı panel sessiyasında “Yeni dövrün universitetinin qurulması: innovativ və dayanıqlı inkişaf əsaslı ali təhsil müəssisəsi konsepsiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Ş.Bayramov MDU-nun timsalında dövlətin və tərəfdaşların dəstəyi ilə universitetin modernləşdirilməsi istiqamətində atılan addımlar, qarşıya qoyulan strateji hədəflər və həll edilməli olan əsas çağırışlardan bəhs edib və dayanıqlı inkişaf əsaslı ali təhsil müəssisəsinə transformasiyanın konseptual məzmunu ilə bağlı fikirlərini bölüşüb.
Növbəti gün Forum öz işini Beynəlxalq Təhsil və Karyera Sərgisi ilə davam etdirib. Bişkek Dövlət Universitetində baş tutan sərgiyə qatılan MDU-nun rektoru Ş.Bayramov Qırğız Respublikasının ali təhsil müəssisələrinin pavilyonları, eləcə də Muras İncəsənət Sərgisi, Etno-Sərgi və beynəlxalq təhsil təşkilatlarının stendləri ilə tanış olub. Bununla yanaşı, ali təhsilin aktual mövzularına həsr olunan təqdimatlarda iştirak edən Ş.Bayramov Forumda təmsil olunan bir sıra xarici və yerli universitetlərin rektorları ilə ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparıb.
Forum çərçivəsində MDU ilə Qırğız İqtisad Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum universitetlər arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və birgə fəaliyyətlərin həyata keçirilməsini özündə ehtiva edir.
MDU Qırğız İqtisad Universiteti ilə əməkdaşlıq edəcək
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Dünya Rektorlar Forumunda (World Rectors’ Forum) iştirak məqsədilə Bişkek şəhərinə səfəri çərçivəsində Qırğız İqtisad Universitetində (Kyrgyz Economic University - KEU) olub.
MDU-nun rektoru Ş.Bayramov KEU-nun rektoru Almaz Kadıraliyev ilə görüşüb. Görüşdə ölkələrimiz və xalqlarımız arasında tarixi və mövcud dostluq münasibətlərindən bəhs edilib. Forum çərçivəsində MDU və KEU arasında Anlaşma memorandumunun imzalanmasından məmnunluq ifadə edilib və potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Rektorlar qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliklərini bildiriblər. Qeyd edilib ki, hazırda hər iki ali təhsil müəssisəsində reallaşdırılan modernləşmə tədbirləri kontekstində nəticəyönümlü birgə fəaliyyətlərin həyata keçirilməsi universitetlərin potensialının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.
Sonra KEU-nun geniş tərkibdə rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə universitetlər arasında imzalanan Anlaşma memorandumunun yaratdığı imkanlar diqqətə çatdırılıb. Yeni təhsil texnologiyaları və idarəetmə metodları üzrə təcrübə mübadiləsi, ortaq təhsil və tədqiqat proqramları, birgə seminarlar, tələbə və müəllim mübadiləsi, Erasmus+ və digər qrant layihələrində birgə iştirak sahələrində real əməkdaşlığın yaradılmasına dair müzakirələr aparılıb.
Daha sonra KEU kollektivi qarşısında “Yeni dövrün universitetinin qurulması: Mingəçevir Dövlət Universiteti təcrübəsi” mövzusunda təqdimatla çıxış edən rektor Ş.Bayramov professor-müəllim və inzibati-rəhbər heyəti üzvlərinin çoxsaylı suallarını cavablandırıb. Dost Azərbaycanın müasirləşən universiteti ilə işbirliyinin qurulmasından məmnunluqlarını ifadə edən KEU kollektivinin üzvləri əməkdaşlığın konkret addımlarla möhkəmlənəcəyinə inandıqlarını söyləyiblər.
Ziyarət çərçivəsində rektor Ş.Bayramov KEU-nun mövcud tədris infrastrukturu və maddi-texniki bazası ilə tanış olub.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da universitetin potensialının gücləndirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verilir.

Tehsil-press.az



Oxşar xəbərlər