Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub Sentyabrın 3-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.
Prezidentlər görüşdə çıxış etdilər.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov dedi:
- Hörmətli İlham Heydər oğlu.
Sizi və nümayəndə heyətinin üzvlərini Qırğızıstanın mirvarisi – İssık-Kulun sahilində səmimi qəlbdən salamlayıram. Mən şadam ki, bu gün bizə ölkələrimiz arasında əməkdaşlığın aktual məsələlərini müzakirə etmək üçün belə gözəl imkan yaranıb. Sizin bildiyiniz kimi, Qırğız Respublikası bizim ölkələrimiz arasında, qardaş Azərbaycan ilə qarşılıqlı etimad və hörmət əsasında dostluq münasibətlərinin gələcək inkişafına çox böyük önəm verir. Biz həmişə dostlarımızla məsələlərin bütün spektri üzrə məzmunlu söhbətə açığıq və hazırıq. Mən Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm. Bu il ölkəniz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edir. Mən bu milli bayram münasibətilə Sizi təbrik edirəm və vaxt tapıb gəldiyinizə görə çox sağ olun.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi:
- Çox sağ olun, hörmətli cənab Prezident, dəvətə görə minnətdaram.
Mən qardaş Qırğızıstana, belə gözəl diyara səfər etməkdən çox şadam. Siz dediyiniz kimi, İssık-Kul Qırğızıstanın mirvarisidir. Düşünürəm ki, bu məkan bütün dünya üçün əhəmiyyətlidir. Bu, qırğızları və bu gözəl yerə gələnlərin hamısını sevindirən nadir təbii abidədir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin təşkili münasibətilə Sizi təbrik etmək istərdim. Əminəm ki, bu, bizim birliyimizi, əməkdaşlığımızı təsdiq edən, həmçinin ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün yaxşı imkan yaradan əhəmiyyətli tədbirdir. Biz Qırğızıstanla əməkdaşlığa mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə - həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. Əminəm ki, bizim bugünkü görüşümüz gələcəkdə də uğurla inkişaf edəcək münasibətlərimizə yeni təkan verəcək. Bir daha qonaqpərvərliyə görə sağ olun.

Tehsil-press.az

Oxşar xəbərlər