Şərqi Azərbaycandan Kirmana milyardlar daşınır

Şərqi Azərbaycandan Kirmana milyardlar daşınır Azərbaycanın Vərziqan bölgəsində yerləşən və türklərə məxsus “Süngün” mis mədəninin illik gəliri 80 trilyon tümən (1 milyard 200 milyon dollar) təşkil edir və bu gəlir Kirman əyalətinə daşınır.

Bunu Kəleybər şəhərinin İran parlamentindəki nümayəndəsi Behnam Rizvani deyib.

“Bunun üçün heç bir əziyyət belə çəkmirlər, sadəcə xammalı TIR-lara yükləyib Kirman əyalətinə daşıyırlar”, - millət vəkili bildirib.

Onun sözlərinə görə, qanunla “Süngün” mis mədənindən əldə edilən gəlirin 10 faizi Şərqi Azərbaycan əyalətinin büdcəsinə əlavə edilməlidir,ancaq buna əməl olunmur:

“Mədənin gəlirindən Şərqi Azərbaycan əyalətinə illik 8 trilyon tümən (120 milyon dollar) verilməlidir, amma dövlət büdcəsindən əyalətə 2 trilyon tümən (30 milyon dollar) ayrılır. Hazırda Qaradağ bölgəsinin bir çox kəndləri yol, tibb mərkəzləri, məktəb, içməli su çatışmazlığından əziyyət çəkir. Sadəcə “Süngün” mis mədəninin əyalətə verilməli olan illik gəliri ilə bütün bunları həll etmək mümkündür".

Qeyd edək ki, “Süngün” Yaxın Şərqin ən böyük mis mədənidir.

Tehsil-press.az

Oxşar xəbərlər