Mən o adamlara alim kimi baxmıram - Nazir

Mən o adamlara alim kimi baxmıram - Nazir "Bilirsiniz ki, Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adı altında az müddətdir ki, fəaliyyət göstərir. Biz bu istiqamətdə bir sıra diaqnostik işlər aparmışıq və ehtiyacları müəyyən mənada daha yaxşı başa düşürük".

Ölkə.Az xəbər verir ki, bunu "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Azərbaycanda tədqiqatların maliyyələşməsi üçün alternativ maliyyələşmə alətlərinə ehtiyac var:

"Bu, haqlı istəkdir. İstər dövlət, istərsə də özəl sektor bu prosesdə yaxından iştirak etməlidir. Başa düşməliyik ki, tədqiqatlarla bağlı bir tərəfdən bizim maliyyə alətimiz olmaması problemimiz var. Bu, mütləq həll olunmalıdır və yaxın aylarda biz tərəfdən yəqin ki, bu istiqamətdə elanlar olacaq. Amma məsələnin daha dərin tərəfi bundan ibarətdir ki, tədqiqat üçün digər vacib məsələ tədqiqat sualının olmasıdır. Bizim gördüyümüz ondan ibarətdir ki, Azərbaycanda yaxşı tədqiqat mühitinin yaradılmasını istəyiriksə, mütləq qaydada doktorantura proqramlarlmıza yenidən köklü şəkildə baxmalıyıq. Çünki bizim PhD doktorantura proqramımızın böyük problemlərindən biri odur ki, ora gələn adama hər hansı bir əsaslı tədqiqat təlimi keçirilmir. Bu adam sadəcə mövzu götürür və onu yazır.

Mövzu götürüb yazmaqla 3 illik təlim arasında çox ciddi fərq var.

Çox uzun müddət belə olduğuna görə sonda tədqiqat bacarıqlarının dar sahə üzrə olduğunu görürük. Mən onların intellektini sual altına atmaq üçün demirəm, sadəcə Elm və Təhsil Nazirliyinin ənənəvi sistemindən danışıram. Başa düşməliyik ki, doktorantura təhsilin bir pilləsidir, status deyil. Kimsə özünü elm adamı kimi təqdim edəndə, birinci elədiyim şey həmin adamın girib databazalarda son 2 ildə yazdıqlarına baxmaqdır. Görəndə ki adam heç nə yazmayıb tam səmimi olaraq həmin adama alim kimi baxmıram. Düşünürəm ki, davranış belə də olmalıdır.

Alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir", - deyə nazir əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər