Kolleclərin birləşdirilməsi tələbə qəbuluna necə təsir edəcək?

Kolleclərin birləşdirilməsi tələbə qəbuluna necə təsir edəcək? Azərbaycanda bu yaxınlarda orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məhz əmək bazarında tələb olunan ixtisaslar üzrə daha keyfiyyətli kadrlar hazırlamaq məqsədinə nail olmağa xeyli kömək edəcək.
Bunu Tehsil-press.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natıq Əliyev deyib.
Onun sözlərinə görə, orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bəzi kolleclərin birləşdirilməsi, bəzilərinin isə universitetlərin nəzdinə verilməsi çox yaxşı haldır:
"Nəzərdə tutulur ki, həmin kollecləri qurtaranlara subbakalavr dərəcəsi verilsin. Bu da çox yaxşı haldır. Onlar artıq öz ixtisasları üzrə ali təhsil müəssisələrini seçsələr, həmin ixtisaslar haqqında aydın təsəvvürləri olacaq. İndi bizdə abituriyentlərin çoxu müəyyən ali təhsil müəssisələrini onun ixtisasları haqqında aydın təsəvvürləri olmaya-olmaya, elə-belə seçir. Təəssüf ki, abituriyentlər çox vaxt universitetləri seçirlər, ixtisası seçmirlər. Abituriyentlər bəzən "Mən Bakıda oxumaq istəyirəm, ona görə də oradakı universitetlərdən birini seçirəm" deyirlər. Amma abituriyentlərin ixtisası düzgün seçmələri çox vacibdir. Əsas o deyil ki, o ixtisas üzrə mütəxəssislər Bakıda, ya Mingəçevirdə hazırlanır. İxtisası düzgün seçib öz istəyi ilə ali təhsil müəssisəsinə qəbul olan şəxsin oxumaq motivasiyası da güclü ola bilər. Təbii ki, hər bir ali və orta ixtisas təhsili müəssisəsinin cəmiyyət içərisində qazandığı nüfuz, onun digər təhsil müəssisələri arasında reytinqi, eləcə də ayrı-ayrı ixtisasların daha yaxşı, nüfuzlu və gərəkli olması barəsində insanlarda formalaşmış fikir və təsəvvürlər də gənclərin təhsil müəssisəsini və ixtisası seçməsində mühüm rol oynayır".

tehsil-press.az

Oxşar xəbərlər