Mədəniyyət naziri beynəlxalq forumda iştirak etdi

Mədəniyyət naziri beynəlxalq forumda iştirak etdi 27-30 iyun tarixlərində Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir.

Mədəniyyət Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 27-də forumun təntənəli açılış mərasimi olub.

Mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, ICESCO-nun baş direktoru Salim əl-Malik, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Tacikistan Prezidentinin köməkçisi Abdullo Rahmonzoda, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, MDB baş katibinin müavini Nurlan Seytimov, Asiya Regionu üzrə Beynəlxalq Folklor Təşkilatının baş katibi Mun Hön Suk və digər rəsmilər, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Özbəkistan Prezidenti Şövkat Mirziyoyev maqom sənətinin tarixi və əhəmiyyəti haqqında danışıb.

Mərasimdə daha sonra UNESCO Baş Konfransının 42-ci Sessiyasının prezidenti Simone Mikulesku və ICESCO-nun baş direktoru Salim Məhəmməd əl-Malikin də çıxışları dinlənilib.

Çıxışlardan sonra geniş konsert proqramı təqdim olunub. Konsertdə ayrı-ayrı kollektivlər bir-birindən maraqlı musiqi və rəqs nömrələri ifa edib, kompozisiyalar nümayiş etdiriblər. Bütün ifalar alqışlarla qarşılanıb.

Bildirək ki, 80-dən çox ölkədən 400-ə yaxın qonağın iştirakı ilə gerçəkləşən forumun keçirildiyi “Zaminsay” kompleksi bayramsayağı bəzədilib. Burada geniş ərazidə Özbəkistan xalqının zəngin mədəniyyətini, möhtəşəm tətbiqi sənətini nümayiş etdirən sərgilər təşkil olunub.

Forum çərçivəsində iyunun 28–29-da “Maqom sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

28-29 iyun tarixlərində həmçinin forum çərçivəsində maqom ifaçılığı müsabiqəsi təşkil olunacaq. Müsabiqədə ölkəmizi gənc xanəndələr Nisbət Sədrayeva və Səfalı Mirzəliyev təmsil edir. Onları Ruslan Zərbəliyev (tar), Pərviz Fərhadov (kamança) və Siyavuş Fərhadov (nağara) müşayiət edəcək.

Müsabiqə iştirakçılarını Azərbaycan, ABŞ, Misir, Türkiyə, Özbəkistan və Hindistandan musiqi xadimlərinin yer aldığı münsiflər heyəti qiymətləndirəcək. “Ən yaxşı maqom ansamblı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı vokal solo” nominasiyalarının qalibləri forumun Təşkilat komitəsi tərəfindən pul mükafatı, diplom və heykəlciklərlə təltif olunacaqlar.

İyunun 30-da forumun bağlanışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olacaq.
Xatırladaq ki, I Beynəlxalq Maqom Sənəti Forumu 2018-ci ilin 6-10 sentyabr tarixlərində Özbəkistanın Şəhrisəbz şəhərində təşkil olunmuş və ölkəmizi təmsil edən “Muğam” instrumental qrupu birinci yeri qazanmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər