Beynəlxalq Türk Akademiyasının prezidenti Özbəkistanda mədəni irs həftəsində iştirak edir

Beynəlxalq Türk Akademiyasının prezidenti Özbəkistanda mədəni irs həftəsində iştirak edir Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Ümumdünya Araşdırma, Mühafizə Assosiasiyasının təşəbbüsü ilə Daşkənddə “Özbəkistanın mədəni irsi yeni intibahın əsasıdır”, “Yeni Özbəkistan: inkişaf, innovasiya və maarifləndirmə” adlı mədəni irs həftəsinə start verilib.
Tədbirlərə dünyanın 60 ölkəsindən mindən çox iştirakçı qatılıb.
Mədəni irs həftəsi çərçivəsində Özbəkistan paytaxtının muzeylərində “Qızıl Kuşan” sərgisi və Teymurilər dövrünün mədəni irsinin şah əsərlərindən ibarət sərgilər keçirilir. Bundan əlavə, Ümumdünya Özbəkistan Mədəni İrsin Tədqiqi, Mühafizəsi və İnkişafı Assosiasiyası tərəfindən hazırlanmış “Kuşan krallığının xəzinələri” albom-kitabının və sənədli filminin təqdimatı olacaq.
Tədbir çərçivəsində Daşkənd, Səmərqənd və Buxarada “Özbəkistanın tarixi şəxsiyyətləri və onların dünya sivilizasiyasının inkişafına töhfələri” adlı beynəlxalq forum da təşkil edilir.
Milli Teymurilər Tarixi Muzeyində keçirilən forumun açılış mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Muzaffer Şeker, Özbəkistan Ali Məclisinin Qanunvericilik Məclisinin birinci vitse-prezidenti Akmal Səidov, Teymurilər Dərnəyinin qurucusu və prezidenti Frederik Beaupertuis-Bressan və başqaları çıxış ediblər.
Akademik Şahin Mustafayev çıxışında Özbəkistan torpaqlarının min illər boyu inkişaf etmiş mədəniyyət və sivilizasiya mərkəzi olduğunu bildirib. Qeyd edib ki, müsəlman Şərqində müstəmləkəçiliyə qarşı mübarizə zamanı Şərqdə, Özbəkistanda və ümumən Türk dünyasında müasirləşmə prosesinin lideri kimi meydana çıxan müasir cərəyan olan cədidçilər heç də təsadüfi deyil.

Tehsil-press.az


Oxşar xəbərlər