Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-nun qonağı olub

Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-nun qonağı olub İyulun 1-də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi Azərbaycan Dillər Universitetinin qonağı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri səmimiyyətlə salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayan rektor bu münasibətlərin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Yaxın günlərdə ADU-da açılışı olacaq Şeyx Zayed adına Ərəb dili auditoriyası isə ölkələrimiz arasındakı əlaqələrin inkişafına güclü təkan verəcək.

Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını ifadə edən Məhəmməd Əl Bluşi bildirib ki, hazırda ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir. Yaxın günlərdə ADU-da açılacaq Şeyx Zayed adına Ərəb dili auditoriyası isə Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyətini, tarixini, elmini daha dərindən öyrənmək üçün əlverişli imkanlar yaradacaq.

Mərkəzin açılışına göstərdiyi dəstəyə görə ADU-nun rektoru, akademik Kamal Abdullaya dərin təşəkkürünü bildirən səfir bu qurumun fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib: “Mərkəzin açılışı iki ölkə arasındakı münasibətlərin genişləndirilməsinin bariz nümunəsidir. Tezliklə Azərbaycan Dillər Universitetində fəaliyyətə başlayacaq Şeyx Zayed adına Ərəb dili auditoriyası ölkələrimiz arasında mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrin davamlılığını təmin edəcək. Bu, iki ölkə arasında möhtəşəm körpü olacaq. Mərkəzin açılışı ilkin mərhələdir. Gələcəkdə mərkəzin faəliyyət dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Mərkəz ərəb dilini öyrənmək və Birləşmiş Ərəb Əmirlikləri haqqında məlumat əldə etmək istəyənlərin əsas maraq yerinə çevriləcək. Burada ərəb dilini öyrənənlər, həmçinin Birləşmiş Ərəb Əmirlikləri haqqında məlumat əldə etmək istəyən tələbələr üçün geniş resurslarla zəngin olan kitab və dövrü nəşrlərin sayı artılacaq”.

Gələcək elmi əməkdaşlıq, müəllim və tələbə mübadiləsi müzakirələri ilə davam edən görüşdə Şeyx Zayed adına Ərəb dili auditoriyasının açılışının detalları ətraflı şəkildə müzakirə olunub. Mərkəzin iyun ayının 4-də açılması qərara alınıb. Açılış mərasimində universitet rəhbərliyinin, 12 ərəb dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin, aparıcı KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər