BDU Özbəkistanın ali təhsil müəssisələri ilə əlaqələri genişləndirir

BDU Özbəkistanın ali təhsil müəssisələri ilə əlaqələri genişləndirir Son bir neçə ildə Bakı Dövlət Universiteti (BDU) Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirib. BDU Özbəkistan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirib. Birgə layihə və elmi tədqiqatlar regionun elmi potensialının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir.

2022-ci il sentyabrın 22-dən oktyabrın 2-dək Bakı Dövlət Universiteti, Volkswagen Fondu (Volkswagen Stiftung), Daşkənddəki Turin Politexnik Universiteti və Özbəkistan Fizika Cəmiyyətinin təşkilatçılığı ilə “Kvant elmi və texnologiyalarında müasir meyillər: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda Bakıda yay məktəbi təşkil edilib.

16 may 2023-cü il tarixində BDU, Özbəkistanın Əndican Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiya biomüxtəlifliyinin qorunması: aktual problemlər, həll yolları və perspektivlər” mövzusunda birinci Beynəlxalq konfrans keçirilib. Bu tədbir təbiətin mühafizəsi sahəsində səmərəli fikir və təcrübə mübadiləsi olmaqla yanaşı, müxtəlif ölkələrin universitetləri ilə BDU-nun əlaqələrini gücləndirib.

Özbəkistan universitetləri ilə tərəfdaşlıq müqavilələri də mühüm əhəmiyyət kəsb edir. 2022-ci il sentyabrın 30-da Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti və Abdulla Qədiri adına Çizak Dövlət Pedaqoji Universiteti, dekabrın 14-də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, 2023-cü il fevralın 24-də Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq müqavilələri imzalanıb.

2021-ci ilin 22 aprel tarixində Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə BDU-da keçirilən görüş Bakı Dövlət Universitetinin qardaş ölkənin ali məktəbləri ilə əlaqələrini daha da möhkəmləndirib və əməkdaşlıq üçün yeni perspektivlər açıb. Daşkənd Hüquq Universiteti və Özbəkistanın digər görkəmli təhsil müəssisələri ilə hüquq sahəsində imzalanmış müqavilələr qarşılıqlı faydalı əlaqələrin dərinləşməsi istiqamətində növbəti addımdır.
BDU-Özbəkistan universitetləri arasında əməkdaşlıq təkcə təhsil sahəsi ilə məhdudlaşmır. BDU Buxara Dövlət Universiteti və Buxara Mühəndislik və Texnologiya İnstitutu ilə müqavilələr imzalayaraq, elm və mədəniyyət sahələrində tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir.

BDU-nun rektoru Elçin Babayev 2023-cü iln 26 sentyabr tarixində Özbəkistanın Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetinin təşkilatçılığı ilə məşhur özbək astronomu Əli Quşçunun anadan olmasının 620 və Özbəkistan Elmlər Akademiyasının 80 illik yubileylərinə həsr olunmuş “Əli Quşçu – Uluqbəy elmi məktəbinin görkəmli səfiri” adlı beynəlxalq elmi konfransda “Nəsirəddin Tusi, Mirzə Uluqbəy və Əli Quşçu: böyük türk astronomları və onların nüfuzlu elmi məktəbləri” mövzusunda plenar məruzə ilə çıxış edib.

2023-cü il oktyabrın 26-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun iştirakçısı, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin İnsan hüquqları və media kafedrasının müdiri, professor Nazire Taşpolatova BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib.

2024-cü il yanvarın 25-də Azərbaycanda Özbəkistan Elm və Mədəniyyət Günləri çərçivəsində bu dost ölkənin nümayəndə heyətinin BDU-nun elmi ictimaiyyəti ilə görüşü keçirilib, BDU ilə Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu əməkdaşlığın birgə elmi layihələrin hazırlanmasına, iki qurumun alimləri və tələbələri arasında təcrübə mübadiləsinə, eləcə də astronomiya sahəsində təhsil proqramlarının yaradılmasına töhfə verəcəyi nəzərdə tutulur.

Özbəkistanla elmi və ədəbi-mədəni əlaqələrin inkişafında BDU-nun mərhum professoru Ramiz Əskərin də mühüm xidmətləri olub. Tanınmış türkoloq alim indiyə qədər özbək ədəbiyyatına aid 15 kitabı tərcümə edib. Onların arasında Əlişir Nəvainin “Xəmsə”sini, Sultan Hüseyn Bayqara və Zəhirəddin Məhəmməd Baburun divanlarını xüsusi vurğulamaq olar. Onu da qeyd edək ki, Ramiz Əskərin bu xidmətləri Özbəkistanda yüksək qiymətləndirilib, alim qardaş ölkədə bir sıra mükafatlara layiq görülüb, nüfuzlu qurumların, o cümlədən Özbəkistanın “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

2024-cü il 3 may tarixində BDU-nun rektoru Elçin Babayev Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru Botir Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, birgə elmi tədqiqat imkanları, ortaq laboratoriyanın qurulması və digər məsələlər müzakirə edilib.
Yeni tədris ilindən BDU-nun Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasında magistratura səviyyəsində iki yeni ixtisaslaşma - “Ölkəşünaslıq (Qazaxıstan üzrə)” və “Ölkəşünaslıq (Özbəkistan üzrə)” üzrə kadr hazırlığına başlanılacaq. Bu ixtisaslaşmaların tələblərinə uyğun olaraq, “Qazaxıstan və Özbəkistan tarixi”, “Qazax və özbək xalqlarının dövlətçilik tarixi”, “Qazax və özbək xalqlarının etnogenez məsələləri”, “Qazax və özbək xalqlarının mədəniyyəti”, “Mərkəzi Asiya regionunun təhlükəsizlik problemləri kontekstində Qazaxıstan və Özbəkistan Respublikaları”, “Türk dünyası daxili inteqrasiya prosesləri və Qazaxıstan və Özbəkistan Respublikaları”, “Qazaxıstan və Özbəkistan Respublikalarının xarici siyasəti”, “Azərbaycan-Qazaxıstan, Azərbaycan-Özbəkistan münasibətlərinin geosiyasi aspektləri”, "Qazaxıstanda və Özbəkistanda etno-siyasi vəziyyət” və s. fənlərin tədrisi nəzərdə tutulur.

Bu əməkdaşlıqlar hər iki ölkənin ali təhsil sisteminin inkişafına mühüm töhfə verməklə yanaşı, regionun elm və təhsil sahəsində daha böyük uğurlara imza atmasına şərait yaradacaq.

Tehsil-press.az

Oxşar xəbərlər