Onlar deputat seçilə bilər - 19 dairənin ən şanslıları

Onlar deputat seçilə bilər - 19 dairənin ən şanslıları Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.

Ötən yazılarımızda 51 dairədə namizədlərin şanslarını dəyərləndirmişdik.

Bu dəfə isə daha bir neçə rayonda - Yevlax, Mingəçevir, Siyəzən, Quba, Xaçmaz, Sabirabad, Biləsuvar, Neftçalada və s. namizədlərin imkanlarını götür-qoy edəcəyik.

52 saylı Yevlax Seçki Dairəsindən 7 nəfərin namizədliyi qeydə alınıb.
Onlardan 2-si siyasi partiya (YAP-dan İlham Məmmədov, REAL-dan Rəsul Cəfərov) təmsilçisi, 5-i isə bitərəfdir. Bu dairədə əsas mübarizənin YAP və REAL namizədləri arasında olacağı gözlənilir. Sabiq deputat İlham Məmmədovun yenidən mandat qazanmaq şansı daha yüksək qiymətləndirilir.

53 saylı Yevlax-Mingəçevir Seçki Dairəsindən də 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 1-si siyasi partiya (YAP-dan Əli Hüseynli) təmsilçisi, 6-sı isə bitərəflərdir. Rəqibləri az tanınan və zəif fiqurlar olduğu üçün bu dairəni parlamentdə Əli Hüseynlinin təmsil edəcəyi gözlənilir.

54 saylı Mingəçevir Seçki Dairəsindən 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 3-ü siyasi partiya (YAP-dan sabiq deputat Aydın Mirzəzadə, Ağ Partiyadan Sərvan Məmmədov, "Azad Vətən"dən Tacəddin Əyyubov) təmsilçisi, 5-i isə bitərəfdir. Namizədlərdən 4-ü işsiz, 1-i isə tələbədir. Bu dairədə səslər siyasi partiya təmsilçiləri arasında bölüşdürüləcək. Nəzərə alsaq ki, Aydın Mirzəzadə xeyli vaxtdır bu bölgəni parlamentdə təmsil edib və seçicilərin ona münasibəti yaxşıdır, o zaman onun yenidən mandat qazanacağını ehtimal etmək olar.

55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsindən mandat uğrunda mübarizəyə 7 namizəd qoşulub. Onlardan 1-i siyasi partiya (YAP-dan sabiq deputat Müşfiq Məmmədli) təmsilçisi, 5-i isə bitərəfdir. Bitərəflərdən 3-ü orta məktəbdə, 1-i "DOST" mərkəzində çalışır, 1-i isə işsizdir. Bu dairədə Müşfiq Məmmədlinin öz rəqiblərini geridə qoyacağı şübhə doğurmur.

56 saylı Şabran-Xaçmaz Seçki Dairəsində 7 namizəddən 2-i siyasi partiya (YAP-dan Mahir Süleymanlı, REAL-dan isə Rüstəm Hidayətzadə) təmsilçisi, 5-i isə bitərəfdir. Bitərəflərdən 3-ü işsiz, 1-i mühasib, 1-i isə müfəttişdir. Bu dairədə səslərin YAP və REAL təmsilçiləri arasında bölüşdürüləcəyi, Mahir Süleymanlının seçilmək şansının daha yüksək olduğu bildirilir.

57 saylı Xaçmaz şəhər Seçki Dairəsindən 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 4-ü siyasi partiya (YAP-dan sabiq deputat Ağalar Vəliyev, Ağ Partiyadan Pərviz Əliosmanov, ƏHD-dən Zöhrab Məmmədov, AMİP-dən isə Məmməd Qurbanov) təmsilçisi, 4-ü isə bitərəfdir. Burada əsas mübarizə siyasi partiya təmsilçiləri və bitərəf namizəd, şəhid baş leytenant Ramazan Nəsirovun qızı Şəbnəm Nəsirova arasında olacaq. Ş.Nəsirovanın qələbə qazanmaq şansı daha yüksək qiymətləndirilir.

58 saylı Xaçmaz kənd Seçki Dairəsindən 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-si siyasi partiya (YAP-dan Könül Əskərova, AMİP-dən Çingiz Şahbazi) təmsilçisi, 6-ı isə bitərəfdir. Bitərəf namizədlər arasında sabiq deputat Sevil Mikayılova da var. Dairədə səslərin əsasən, adı çəkilən namizədlərə veriləcəyi gözlənilir. Bəzi siyasi müşahidəçilər Sevil Mikayılovanın bu dəfə deputat mandatı qazana bilməyəcəyini proqnozlaşdırırlar.

59 saylı Quba Seçki Dairəsindən 10 nəfərin namizədliyi qeydə alınıb. Onlardan yalnız 1-i siyasi partiya (YAP-dan Əlibala Məhərrəmzadə) təmsilçisi, 9-u isə bitərəfdir. Bu dairədə YAP-ın namizədinin öz rəqiblərini üstələyəcəyi bildirilir.

60 saylı Quba Seçki Dairəsində 7 nəfər namizəddən 1-i siyasi partiya (YAP-dan Fidan Bağırova ) təmsilçisi, 6-sı isə bitərəfdir. Bitərəf namizədlər arasında sabiq deputat Anatoliy Rafailov da var. Bu dairədən mandatı onun qazanacağı proqnozlaşdırılır.

61 saylı Qusar Seçki Dairəsində də 8 nəfərdən yalnız 1-i siyasi partiya (YAP-dan sabiq deputat Azər Badamov) təmsilçisi, 7-si isə bitərəfdir. Əksər həmkarları kimi Azər Badamovun da yenidən parlamentə düşmək imkanı var.

62 saylı Kürdəmir Seçki Dairəsindən 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 1-i siyasi partiya (YAP-dan Yadigar Kazımova ) təmsilçisi, 6-sı isə bitərəflərdir. Bitərəf namizədlər sırasında sabiq deputat Əminə Ağazadə də var. Bu darədə onun daha çox səs alacağı gözlənilir.

63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-i siyasi partiya (YAP-dan Aqıl Alsanov, VHP-dən sabiq deputat Rafail Hüseynov) təmsilçisi, 5-i isə bitərəfdir. Səslərin iki partiya təmsilçisi arasında bölüşdürüləcəyi, Rafail Hüseynovun isə daha çox səs alacağı deyilir.

64 saylı Salyan Seçki Dairəsindən 9 nəfər namizədən 1-i siyasi partiyadan (YAP-dan sabiq deputat Sadiq Qurbanov), 8-i isə bitərəfdir. Digər dairələrdə olduğu kimi, burada da bitərəflər əsasən, müəllimlər, idarə işçiləri və fərdi təsərrüfatçılardır. Bu baxımdan Sadiq Qurbanovun yenidən mandat alacağı gözlənilir.

65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən 10 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-si siyasi partiya (YAP-dan Emin Ağayev, AVP-dən Günay Ağamalı) təmsilçisi, 8-i isə bitərəfdir. Əsas mübarizənin iki partiya təmsilçisi arasında gedəcəyi gözlənilir. Bu dairədən Günay Ağamalının deputat seçiləcəyi bildirilir.

66 saylı Saatlı Seçki Dairəsindən 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan yalnız 1-i siyasi partiya (YAP-dan sabiq deputat Əziz Ələkbərov) təmsilçisi, 6-sı isə bitərəfdir. Bu dairəni Milli Məclisdə Əziz Ələkbərovun təmsil edəcəyi proqnozlaşdırılır.

67 saylı Sabirabad Seçki Dairəsindən 9 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-i siyasi partiya (YAP-dan sabiq deputat Əhliman Əmiraslanov, VP-dən Rəna Ağayeva) təmsilçisi, 7-i isə bitərəfdir. Ə.Əmirasalnovun bu seçkidə də rəqiblərini üstələyəcəyi gözlənilir.

68 saylı Sabirabad-Şirvan Seçki Dairəsindən 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-si siyasi partiya (YAP-dan sabiq deputat Kamal Cəfərov, AXP-dən Pənah Hüseyn) təmsilçisi, 5-i isə bitərəfdir.

Dairədə əsas mübarizə sabiq deputat Kamal Cəfərov və AXP sədri Pənah Hüseyn arasında gedəcək. Siyasi müşahidəçilər AXP sədrinin bu seçkidə mandat almaq şansını o qədər də yüksək qiymətləndirmirlər.

69 saylı Biləsuvar Seçki Dairəsindən 8 namizəddən 4-ü siyasi partiya (YAP-dan Elməddin Əliyev, REAL-dan Elşən Ədalətli, Müsavat Partiyasından Yusif Mehti, AVP-dən Pərviz Mirizadə) təmsilçisi, 4-ü isə bitərəfdir. Bitərəf namizədlərin sırasında isə sabiq deputat Bəhruz Məhərrəmov və hərbi jurnalist Rahib Qəribov da var. Bu dairədə də gərgin mübarizə gedəcəyi söylənilir. YAP, REAL namizədləri və Rahib Qəribovun şansları daha yüksək dəyərləndirilir.

70 saylı Neftçala Seçki Dairəsindən 10 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 4-ü siyasi partiya (YAP-dan Fərhad Baxışov, VHP-dən Tənzilə Rüstəmxanlı, KXCP-dən Qaraş Əliyev, AXP-dən Mircəlal Həmzəyev) təmsilçisi, 6-sı isə bitərəfdir. Əsas mübarizənin siyasi partiya təmsilçiləri arasında gedəcəyi gözlənilir. Dairədə ən geniş təbliğat kampaniyası quran namizəd isə VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlıdır. Qeyd edək ki, ötən dörd ildə bu dariəni Milli Məclisdə Sabir Rüstəmxanlı təmsil edib. Bu isə T.Rüstəmxanlının Neftçala seçicilərinin səsini qazanacağı ehtimalını daha da gücləndirir.

Tehsil-press.az

Oxşar xəbərlər