Deputat seçilən müəllim: Uşaqlıq arzum idi...

Deputat seçilən müəllim: Uşaqlıq arzum idi... Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər zamanı qalib olmuş ən gənc deputat Əziz Qasımovdur. O, 32 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə namizədliyini irəli sürmüşdü. 28 yaşlı Ə.Qasımov Naxçıvan Dövlət Universitetinin Hüquq kafedrasında müəllim kimi çalışır.

Qeyd edək ki, o, builki növbədənkənar seçkilərdə ölkə üzrə seçilən ən gənc deputatdır.

AzEdu.az Təhsil Portalı olaraq gənc deputat Əziz müəllimi daha yaxından tanımaq üçün onunla əlaqə saxladıq.

-Əziz müəllim, sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. Bu il Naxçıvan Respublikası Ali Məclisinə seçilən ən gənc deputat sizsiniz. Uğur yolunuzu bizimlə bölüşə bilərsiniz?

-Yeni Azərbaycan Partiyasının (YAP) “Yeni dövrə yeni Azərbaycanla!” şüarı gələcək dövrdə baş verəcək hadisələrdən xəbər verir. Mən də bu proseslərə, islahatlara öz dəstəyimi nümayiş etdirmək üçün öz təşəbbüsümlə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 32 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyimi irəli sürdüm. Təbliğat-təşviqat kampaniyası dövründə biz fəal çalışdıq.

2020-ci ildən bəri Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Eyni zamanda universitetin Tələbə Gənclər Təşkilatının (TGT) sədri kimi işləmişəm. Həm sədr, həm də gənc müəllim kimi elm və təhsil sahəsində xüsusilə fərqləndiyimə görə 2022-ci ildə Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə fərqləndiyinə görə Prezident mükafatına layiq görülmüşəm.

Əsas fəaliyyət istiqamətim gənclərlə iş və təhsildir. Deputat seçildiyim 32 saylı Naxçıvan şəhər seçki dairəsi universitet şəhərciyini və tələbə yataqxanasını əhatə edir. Universitetdə təhsil alan tələbələrə, eyni zamanda dairənin əhatəsində olan digər gənclərin təhsil və karyera qurmasında dəstək göstərmək istəyirəm. Gənclər də təşviqat dövründə mənə çox ciddi dəstək olublar. Təkcə onları deyil, eyni zamanda bizim platformamız müxtəlif sosial təbəqədən olan əhalini özündə birləşdirir. Xüsusi qayğıya ehtiyacı olan gənclər, şəhid ailələri və ahılların hər biriylə görüşüb, onların xeyir-duasını almışam. Əminəm ki, onlarla birlikdə çox yaxşı işlərə imza atacağıq. Naxçıvan parlamentində gənclərin səsi olmağı bacaracağıq. Gənclərin arzularını, istəklərini, onların məsələlərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisində səsləndirməyə çalışacağıq.

-Deputat olduğunuz müddətdə universitetdəki fəaliyyətinizi davam etdirəcəksiniz?

-Mən, hazırda fəaliyyət göstərdiyim Naxçıvan Dövlət Universitetindən həm bakalavr, həm də magistratura pillələri üzrə məzun olmuşam. Qazandığım uğurların hər birini NDU-ya borcluyam. Özümə borc bilirəm ki, məndən sonrakı dövrdə güclü bir nəsil formalaşdırım. Qürur duyuram ki, bu gün müxtəlif dövlət orqanlarının hər birində bizim məzunlarımız çalışırlar. Bizim üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Mən hüquqşünaslıq ixtisasını bitirsəm də, universitetdə qalıb, müəllim işləmək istədim. İxtisasım hüquq olsa da, məhkəmə sahəsinə getmədiyim üçün müəyyən qədər qınağa da məruz qalırdım. Çoxları mənə deyirdilər ki, hüquqşünaslığı bitirib niyə müəllim işləyirsən? Bu ixtisası bitirənlər müxtəlif Hüquq-Mühafizə orqanlarında çalışa bilərlər. Ancaq mənim bu sahəyə ciddi marağım var idi. Həmişə nələrisə öyrətmək, tələbələrlə, gənclərlə işləmək istəmişəm. Öz arzularımın arxasınca getmişəm.

Gənclər hüquq elminin arxasınca getməlidirlər. Bizim yaxşı, savadlı hüquq alimlərimiz olub. Düşünürəm ki, hüquq elmi ilə məşğul olmaq istəyən gənclər universitetdə qalaraq, işləməlidirlər. Azərbaycan universitetlərində elmi potensiallı gənclər fəaliyyət göstərməlidirlər. Çox arzu edirəm ki, ali məktəblərdə gənclər fəaliyyət göstərsinlər. Elə öz tələbələrimə də hər zaman deyirəm ki, çalışın universitetdə qalın. Ali məktəb mühiti perspektivlidir. Bu təkliflərimdən nümunə götürənlər də olur. Artıq tələbələrimiz arasında universitetdə işə qəbul olanlar da var.

- Haqqınızdakı məlumatlardan da aydındır ki, uşaqlıqdan bəri intellektual biliyiniz ilə seçilmisiniz. Orta məktəbdən (lisey) fərqlənmə ilə məzun olmusunuz. 2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə fərqləndiyinə görə Prezident mükafatına layiq görülmüsünüz. Bəs, sizin uğurlu tələbə, uğurlu gənc, müəllim, eləcə də deputat olmağınızda lisey müəllimlərinizin rolu nə qədərdir? Onlarla əlaqələriniz varmı?

-Əlbəttə, mən ən yüksək vəzifəni müəllimlik olaraq qiymətləndirirəm. Düşünürəm ki, müəllimlikdən müqəddəs, ondan şərəfli sahə yoxdur. Bu sahəni seçərkən öz müəllimlərimi örnək götürmüşəm. Müəllimlərimə baxaraq, onlar kimi olmağı qarşıma məqsəd qoymuşam. Mən hər şeyi məktəbə, universitetə, müəllimlərə borcluyam. Hər zaman bunu vurğulayıram.

- Əziz müəllim, deputat olmaq istəyi sizdə nə vaxtdan formalaşıb? Namizəd olmaq istədiyinizi bildirəndə ailənizin və yaxınlarınızın buna münasibəti necə oldu?

-Deputat olmaq uşaqlıq arzularımdan biri olub. Elə hüquqşünaslıq ixtisasını seçməkdə də deputat olmaq istəyim rol oynayırdı. Bəziləri düşünür ki, hüquq ancaq məhkəmədən, prokurorluqdan ibarətdir, amma digər tərəflərini nəzərdə tutmurlar.

Mən deputat olmaq arzumu ailəmə, yaxınlarıma bildirəndə hər zaman dəstək görmüşəm. Mənim üçün ən böyük stimul bu olub.

-Deputat seçildikdən sonra tələbələriniz sizinlə əlaqə saxlayıblarmı? Müəllimlərinin deputat olmağını necə qiymətləndirirlər?

-Dünəndən bəri tələbələrim mənimlə əlaqə saxlayırlar. Mesajlar yazırlar, zənglər edirlər. Məni çox dəstəkləyirlər. Təhsil aldığım vaxtlarda da müəllimlərimiz arasından deputat olanlar var idi. Biz bununla qürur duyurduq ki, müəllimlərimiz həm də millət vəkilidirlər. Onları həmişə özümüzə nümunə götürürdük.

-Siz gəncliyə, gənclərin təhsilinə çox maraqlısınız. Bəs, deputatlıq dövrünüzdə elmə, təhsilə dair hansısa təklifləriniz varmı?

-Əlbəttə, biz bununla bağlı öz seçki platformamızı hazırlamışdıq. Həmin platformada gənclərin təhsil və karyera imkanlarını nəzərdə tutmuşduq. Düşünürük ki, gənclərin yaxşı təhsil almaları, bacarıqlara yiyələnmələri üçün keyfiyyətli təhsil əsas şərtlərdən biridir. Çalışacağıq ki, gənclər müxtəlif layihələr vasitəsilə yaxşı bacarıqlara yiyələnsinlər və əmək bazarında özlərinə layiqli yeri tapa bilsinlər.

-Hər birimizin həyatında müsbət mənada iz qoyan, bizə həyatı daha dərindən öyrədən insanlar mütləq ki, olur. Bunlar ailədən, yaxınlardan, dostlardan ya da müəllimlərdən biri ola bilər. Bəs sizin həyatınızda belə bir insan olubmu?

-Bəli, elə biri hər kəsin həyatında mütləq mövcuddur. Düşünürəm ki, bizi inkişaf etdirən insanları unutmamalı, onu daim diqqətdə saxlamalıyıq. Mənim şəxsi inkişafımda, eyni zamanda karyera yüksəlişimdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rolu böyükdür. 4 ildir Elbrus müəllimin birbaşa rəhbərliyində işləyirəm. İdarəçilik, eləcə də həyat məktəbini ondan öyrənmişəm. Ona görə də bütün uğurlarımı NDU-ya, şəxs mənasında isə Elbrus müəllimə borcluyam.

-Bəs, sizin idealınız, ona bənzəmək istədiyiniz biri varmı?

-Tam olaraq idealım yoxdur, düşünürəm ki, ümumiyyətlə ideal insan yoxdur. Mən həyat məqsədlərimə nail olmaq istəyirəm. Düşünürəm ki, həyatın məqsədi yaxşılıq etməkdən, biliyini paylaşmaqdan ibarətdir. Məhz bu xüsusiyyətləri olan insanları özümə ideal insan kimi götürürəm.

Tehsil-press.az

Oxşar xəbərlər