Beynəlxalq gənclər təşkilatının Naxçıvan nümayəndəliyi yaradılıb

Beynəlxalq gənclər təşkilatının Naxçıvan nümayəndəliyi yaradılıb Bakı şəhərində “ELSA Azərbaycan”ın VII Milli Şura Toplantısı keçirilib. Toplantıda Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti iştirak edib. Şuraya təklif olunan əsas məsələlər sırasında ELSA-nın Naxçıvan nümayəndəliyinin yaradılması, onun potensial İdarə Heyətinin təsdiq edilməsi olub. Şuranın yekdil qərarı ilə “ELSA Naxçıvan” yaradılaraq, Milli İdarə Heyətinin təklifi ilə “ELSA Naxçıvan”ın Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasının 8 tələbəsindən ibarət İdarə Heyəti təsdiq olunub.
Qeyd edək ki, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA – the European Law Students’ Association) dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. ELSA Avropanın 42 ölkəsinin 210 universitetindən olan 35000-dən çox hüquqşünas tələbəni və gənc hüquqşunası özündə birləşdirir. Təşkilatın yaradılmasında və hal-hazırkı fəaliyyətində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gəncləri eyni təşkilatda birləşdirməklə, onlar arasında mənəvi-əxlaqi inteqrasiyaya, elmi biliklərin paylaşılmasına nail olmaqdan, beynəlxalq konfranslar, təlimlər, səhnələşdirilmiş məhkəmə proseslərinin keçirilməsi yolu ilə hüquqşünas tələbələrin nəzəri biliklərinin praktiki tətbiqinə şərait yaratmaqdan ibarətdir.

Tehsil-press.az



Oxşar xəbərlər