Bakıda iş saatı dəyişə bilər? – Yollar bağlanır, tıxaclar artır, alternativ variant…

Bakıda iş saatı dəyişə bilər? – Yollar bağlanır, tıxaclar artır, alternativ variant… Sentyabrın 6-dan etibarən Bakının əsas prospektlərindən olan 8 Noyabr bağlanıb. Səbəb prospektdə asfalt örtüyünün dəyişdirilməsi, kommunikasiyaların yenilənməsi və s.-dir.

Bu günlərdə Bakıda “Formula 1” yarışları da keçiriləcək. COP29-a hazırlıq da bəzi əsas küçə və prospektlərdə təmir-bərpa işlərinə səbəb olub. Sentyabrın 15-dən isə yeni dərs mövsümü başlayacaq. Bunlar üst-üstə gəldikdə, şəhərdə və ətraf qəsəbələrdə böyük tıxaclara gətirib çıxaracaq.

Bu, əhalinin işləyən kəsimi üçün müəyyən problemlər yaradır. İnsanların saatlarla yolda qalmaması üçün hansı variantlar üzərində işlənir? Məsələn, işləyən vətəndaşların müvəqqəti olaraq işdən evə gedişi daha tez ola bilərmi?

Əksər müəssisələrdə iş saatı 18:00-da bitir. Yolların bağlı olduğu indiki dövrdə qrafikdə dəyişiklik etmək olarmı? Ümumiyyətlə, Nazirlər Kabineti, başqa aidiyyəti təşkilatlar bununla bağlı nə planlaşdırır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, iş saatının dəyişdirilməsi ilə bağlı dəfələrlə təkliflər olub, hətta Nazirlər Kabinetinin qərarı da var.

O, bu qərarın sadəcə kağız üzərində qaldığını bildirib:

“Bu qərar heç effekt vermədi və qurumlar da buna tam əməl etmədilər. Çünki nəzarət edəcək bir struktur yox idi. Belə işlərə mütləq kimsə nəzarət etməlidir, araşdırmalıdır, iş yerində təhlillər aparılmalıdır. Amma şifahi qaydada söz deyəndə təbii ki, müəssisələr bunu qəbul etmir. Hamısı da birmənalı şəkildə tələb edirlər ki, mütləq işdə olmalısan, boş qərardır, heç nə olmaz, fikir verməyin, vaxtında işdə olun və s. Əgər bundan sonra da şifahi bir qərar veriləcəksə, bunu da saymayacaqlar. Lakin hansısa küçədə yolun bağlanması ilə əlaqədar bütün müəssisələri bağlamaq, iş saatlarını dəyişmək də düzgün deyil. Pandemiya dövründə bunu tənzimləyə bilmədilərsə, bu gün necə tənzimləsinlər?”

Ekspertin fikrincə, “Formula1”lə əlaqədar mərkəzi küçələrdə müəyyən çətinliklər yarandı deyə ortaya belə nəticə çıxdı:

“Bunları nəzərə almaq lazımdır. Tarixdə ilk dəfə olaraq Azərbaycanda COP29 adlı mötəbər bir tədbir keçiriləcək deyə, bununla bağlı bəzi küçələr, yollar təmir olunur. Bu da müvəqqəti problemdir. Hələlik dərs ili başlamadığına görə, şəhərdə o qədər də xaotik vəziyyət yoxdur. Vətəndaşların əksəriyyəti şəhərdə olan tıxacı, sıxlığı nəzərə alaraq istirahətdən hələ də qayıtmayıb. Yəqin ki, gələn həftənin sonları artıq şəhərə axın başlayacaq. Bu müddət ərzində vəziyyəti müəyyən qədər dəyişmək olar. Sadəcə, bir az səbirli, təmkinli olmaqda fayda var. Yollar onsuz da təmir olunmalıdır. 8 Noyabr prospektində illərlə təmir işi aparılmayıb. İndi-indi orada nəsə düzəldirlər. Ona görə də bir az təmkin göstərək”.

Globalinfo.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, 8 Noyabr prospektində sadəcə müəyyən hissədə yol bağlanıb:

“Həmin prospekt tam bağlı deyil, hərəkət var. Bir müddətdir ki, hissə-hissə yollar təmirə bağlanır. Bu da orada çalışan işçilərin və hərəkətdə olan sürücülərin təhlükəsizliyi baxımından atılan addımdır. Həmin ərazidə ikitərəfli hərəkət təmin olunub. Yəni yol bağlansa belə, əks istiqamət üçün ikitərəfli hərəkət təmin edilib. Bir sözlə, sürücülər alternativ yollardan istifadə edirlər”.

Qurumdan əsas küçə və prospektlərdə aparılan təmir işlərinin sentyabrın 15-nə kimi yekunlaşacağı bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər