Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı böyüyür - Qarabağ qazisi ölkə rəhbərliyinə üz tutdu

Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı böyüyür - Qarabağ qazisi ölkə rəhbərliyinə üz tutdu Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun ona məxsus torpaq sahəsini ələ keçirdiyini deyən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov ölkə rəhbərliyinə müraciət edib.

Həmin müraciətin bir surəti də Qaynarinfo-ya daxil olub.

Nazim Əmirov müraciətində yazır ki, Abel Məhərrəmov Altıağac qəsəbəsində ona məxsus torpaq sahəsini zəbt edib. Həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq keçmiş rektor ərazidə qanunsuz olaraq tikinti aparıb.

Həmçinin məlum olub ki, zəbt edilən torpaq sahəsi Abel Məhərrəmovun xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib.

Nazim Əmirov bir neçə dəfə Abel Məhərrəmova tikilini sökməyi və onun ərazisindən çıxmaq barədə müraciət etsə də nəticəsi olmayıb.

Polkovnik-leytenant məhkəməyə müraciət edib. Lakin Xızı Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Sumqayıt Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İş hazırda Ali Məhkəmədədir.

Nazim Əmirov hesab edir ki, məhkəmələrin məsələyə ədalətsiz yanaşması Abel Məhərrəmovun onlara təsir göstərməsi ilə əlaqədardır: "Məhkəmələrə bütün sənədlər təqdim olunub. Bu sənədlər dövlət sənədləridir. Saxta deyil, ekspertiza keçirilib. Torpaq sahəsinin mənə məxsus olması tam sübuta yetirlib. Buna baxmayaraq, məhkəmə mənim iddiamı təmin etməyib. Hesab edirəm ki, Abel Məhərrəmov nüfuzundan istifadə edərək məhkəmələrə təsir edir. Əks halda məhkəmələr belə açıq-aydın şəkildə ədalətsiz qərar qəbul etməzidlər", deyə Nazim Əmirov bildirib.

Polkovnik-leytenant inanır ki, müraciəti nəzərə alınacaq və ona qarşı həyata keçirilən qanunsuzluqlara son qoyulacaq.

Tehsil-press.az

Oxşar xəbərlər