ADU-da tanınmış alimlə bağlı konfrans keçirildi

ADU-da tanınmış alimlə bağlı konfrans keçirildi Aprelin 14-də Azərbaycan Dillər Universitetində görkəmli alim, tanınmış pedaqoq, professor, əməkdar elm xadimi Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunmuş “Dil, təhsil və pedaqogikanın problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Oncə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.

Sonra görkəmli alim, tanınmış pedaqoq, professor, Əməkdar elm xadimi Nurəddin Kazımovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, belə mötəbər beynəlxalq elmi konfransların keçirilməsi həm milli elmi-pedaqoji ənənələrin inkişafı, həm də beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor vurğulayıb ki, professor Nurəddin Kazımov Azərbaycan dilçiliyi və pedaqogika sahəsində dərin iz qoymuş alimlərdən biridir və onun zəngin elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır.

Bildirib ki, konfrans çərçivəsində müzakirə olunacaq mövzular – dilçilik, təhsil və pedaqogikanın aktual problemləri – müasir dövrün çağırışları ilə səsləşir və bu sahələrdə yeni yanaşmaların formalaşdırılmasına töhfə verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın işini yüksək qiymətləndirib, bu cür elmi platformaların müasir elmin aktual problemlərinin müzakirəsi və yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun rəhbəri, professor Atıf Akgün video müraciətlə çıxış edib. Professor çıxışında görkəmli alim Nurəddin Kazımovun elmi irsinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün dəyərli olduğunu vurğulayıb.

O, həmçinin Ege Universiteti ilə Azərbaycan elmi müəssisələri arasında əlaqələrin inkişafının vacibliyini qeyd edərək, gələcəkdə birgə layihələrin və elmi proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Özbəkistanın Denov Sahibkarlıq və Pedaqogika İnstitutunun Pedaqogika fakültəsinin dekanı Rano Salomova, hüquq elmləri doktoru, Avrasiya Universitetinin professoru İbrahim Quliyev, pedaqogika elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Pedaqogika kafedrasının müdiri Piralı Əliyev, əməkdar müəllim Zülfiyyə Vəliyeva, pedaqogika elmləri doktoru, dosent, əməkdar müəllim Heydər Cəfərov, Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi Misgər Məmmədov, ADU-nun Psixologiya və pedaqogika kafedrasının dosenti Oqtay Abbasov, əməkdar artist Ağalar Bayramov, dosent Vidadi Bəşirov görkəmli alim, tanınmış pedaqoq, professor, əməkdar elm xadimi Nurəddin Kazımov və konfrans haqqında fikirlərini bölüşüblər.

Görkəmli alim, professor Nurəddin Kazımovun oğlu Araz Kazımov konfransda çıxış edərək, atasının - görkəmli alim, professor Nurəddin Kazımovun həyat və elmi fəaliyyətindən bəhs edib, onun xatirəsinə göstərilən diqqət və ehtirama görə ADU rəhbərliyinə və kollektivinə, Pedaqogika və psixologiya kafedrasının bütün əməkdaşlarına, təşkilatçılara və iştirakçılara dərin minnətdarlığını bildirib.

Daha sonra bədii hissə təqdim olunub. Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Konfransın bağlanış mərasimində çıxış edən ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva konfransın əhəmiyyətindən danışıb, təşkil olunan bölmə iclaslarının fəaliyyətinə toxunulub. Qeyd olunub ki, professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans öz işini uğurla yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər