Fətullah Gülənin vəsiyyəti gündəmdə: Harada dəfn olunacaq?

Fətullah Gülənin vəsiyyəti gündəmdə: Harada dəfn olunacaq? Fətullah Gülənin 83 yaşında ölməsindən sonra illər əvvəl etdiyi vəsiyyət gündəm olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Sözcü" xəbər yayıb.

İddiaya görə, FETÖ lideri ABŞ-də ölərsə cənazəsinin Türkiyəyə aparılmasını və anasının yanında dəfn olunmasını istədiyini deyib.

Lakin Türkiyə kəşfiyyatının keçmiş dövrə aid hesabatlarında Fətullah Gülənin ABŞ-də məzar yerinin hazırlandığı bildirilib.

Məlumata görə, FETÖ məsulları 2015-ci ildə Pensilvaniyada təşkilatın fermasına 5 kilometr məsafədə bir ərazi alıb bu ərazini qəbiristanlığa çeviriblər. ABŞ-də ölən təşkilat üzvlərinin həmin ərazidə dəfn edildiyi bildirilir. Hesabata görə, Fətullah Gülən üçün də bu ərazidə iki sərv ağacının arasında məzar yeri hazırlanıb.

Qeyd olunur ki, "Anadolu" Agentliyi 2021-ci ildə bu qəbiristanlıqla bağlı "FETÖ-nün Pensilvaniyadakı "Gurbet Cemetery" isimli mezarlığı faaliyete geçti" başlıqlı bir xəbər də yayımlayıb. Xəbərdə, Gülənin 20 illik dostu Salih Sal Dinçerin də bu qəbiristanlıqda dəfn edildiyi bildirilib.

O da vurğulanır ki, ərazisi 9 il əvvəl alınan qəbiristanlığın yalnız "Gurbet Cemetery" yazan lövhəsində bu günə qədər İslam dininə aid hər hansı bir simvol görünməyib, ayə və ya hədis yazılmayıb. Məzarlarda isə yalnız lap yaxına gəldikdə oxuna biləcək şəkildə türk dilində "Ruhuna El-Fatiha" yazıldığı görünüb.

13:43

Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ lideri Fətullah Gülənin ABŞ-də öldüyünü təsdiqləyib.

Oxu.Az-ın Türkiyə XİN-in sosial media hesabına istinadla verdiyi məlumata görə, bu barədə o, Ankarada ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıqlardan sonra bildirib.

Nazir xüsusi xidmət orqanlarındakı mənbələrin bu məlumatı təsdiqlədiyini vurğulayıb.

"Bu qaranlıq təşkilatın lideri ölüb. Biz terrorizmə qarşı mübarizədə qətiyyət göstərməyə davam edəcəyik.

Bu xəbər bizi zəiflətməyəcək və özündən razılığa gətirməyəcək", - deyə Fidan qeyd edib.

O, FETÖ-nü gəncləri cəlb edən və müqəddəs dəyərlərə xəyanət edən bir maşın adlandırıb.


09:32

Fətullah Gülənin yaxın qohumu Ebuseleme Gülən də onun ölüm xəbərini təsdiqləyib.

Oxu.Az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında paylaşım edib.

09:18

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun lideri Fətullah Gülənin öldüyü bildirilir.

Oxu.Az-ın "Haber7"yə istinadla verdiyi məlumata görə, xəbəri FETÖ-nun mətbuat orqanları özləri elan ediblər.

Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat liderinin aparıldığı xəstəxanada öldüyü qeyd edilib.

Tehsil-press.az

Oxşar xəbərlər