Bakı metropolitenində təhlükəsizlik necə qorunur?

Bakı metropolitenində təhlükəsizlik necə qorunur? Bakının metro stansiyalarında təhlükəsizlik məqsədilə quraşdırılan “X-Ray” aparatları sərnişinlərin çantalarını yoxlamaqla kifayətlənir. Lakin bu cihazların digər versiyaları var ki, onlar üzərimizi də yoxlayaraq tam təhlükəsizliyi təmin edir. Bu cihazlar qonşu və qardaş Türkiyə metrolarında quraşdırılıb. Azərbaycanda isə həmin cihazlardan hava limanları, “Mall”lar, “ASAN xidmət" mərkəzləri kimi yerlərdə istifadə olunur.

Hazırda metro stansiyalarımızda istifadə olunan “X-Ray” cihazları üzərində təhlükəli əşya ilə metroya daxil olan şəxsləri müəyyənləşdirə bilir?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə (DİN) sorğu göndərilib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində gündəlik olaraq bütün zəruri tədbirlər görülür:

“Ümumiyyətlə, metropolitendə bütün zəruri texniki imkanlar mövcuddur və nəzarət tədbirləri fasiləsiz davam etdirilir. Belə ki, şübhə doğuran şəxslərin yoxlanılması, həmçinin qadağan olunmuş əşyaların metropoliten ərazisinə keçirilməsinin qarşısının alınması müasir avadanlıqlardan istifadə edilməklə həyata keçirilir. Metropolitendə təhlükəsizlik qaydalarını pozan şəxslər kamera, digər şəxslərin müraciəti əsasında və ya polis əməkdaşları tərəfindən aşkarlanarsa, müvafiq tədbirlər görülür.

Bundan başqa, polis əməkdaşları tərəfindən Bakı Metropoliteni ərazisində eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan STOP açarından isifadə etməyə, stansiyaların vestibüllərində, keçid, platforma və vaqonlarında tütün çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmiryoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti, texniki otaqlara, vintelyasiya köşklərinə, tunellərə və ümumiyyətlə metropoliten işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və s.) istifadə etməyə görə qaydaları pozan şəxslər aşkarlanarsa, həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunur”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə qeyd edib ki, metrolar strateji obyektlər olduğu üçün burada təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır:

“Metro stansiyanın ərazisində videonəzarətdən tutmuş hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən də nəzarətə qədər hər biri dəqiq şəkildə həyata keçirilməlidir. Metroların girişlərində yerləşdirilən “X-Ray” aparatları ilə çantaların yoxlanışı həyata keçirilir. Sərnişinlərin bir-bir yoxlanılması məsələsinə gəldikdə isə bu, həm fiziki, həm də vaxt baxımından demək olar ki, mümkünsüzdür. Bəli, bütün bədəni skan edən “X-Ray” cihazları mövcuddur, xaricdə metrolarda da istifadə olunur. Lakin bu cihazlar bütün metal əşyalara qarşı siqnal verir. Bu səbəbdən onların hər birinin yoxlanılması prosesi zaman tələb edən bir faktordur”.

Ekspertin sözlərinə görə, bu proses sərnişin və ya müştəri sayının dəqiq məlum olduğu sahələrdə səliqəli şəkildə həyata keçirilir:

“Hava limanları, konsert zonaları və bunun kimi sahələrdə insanlar bir neçə saat əvvəlcədən həmin yerə gedir. Bu ərazilərdə bütün təhlükəsizlik proseslərini həyata keçirmək üçün vaxt əlçatandır. Bildiyimiz kimi, gün ərzində bir metrodan minlərlə sərnişin istifadə edir. Əgər bu cihazlar metrolara quraşdırılsa, cihazdan keçən demək olar ki, hər şəxsdə siqnal səsi eşidiləcək. Çünki hər kəsin üstündə qəpik, saat, kəmər kimi əşyalar olur. Həmin əşyaları xüsusi masalara qoyaraq cihazdan keçmək isə vaxt aparan prosesdir. Bu, həm də oğurluq kimi xoşagəlməz hadislərə də yol aça bilər. Onu da qeyd edim ki, son zamanlarda müasir texnologiyalarla hazırlanmış "X-Ray" cihazları var ki, metrolarda onların quraşdırılması daha əlverişli olar. Hazırda Azərbaycanda mövcud olan həmin cihazlar bütün metallara qarşı siqnal verir. Lakin son texnologiya ilə hazırlanan cihazlar metal əşyaların ayırd edilməsində mühüm rol oynayır".

Tehsil-press.az

Oxşar xəbərlər