ADU-da COP-29 konfransında iştirak edən Çin nümayəndə heyəti ilə görüş keçirilib

ADU-da COP-29 konfransında iştirak edən Çin nümayəndə heyəti ilə görüş keçirilib Noyabrın 13-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilən tədbirində iştirak edən Çin nümayəndə heyətinin bir qrupu ilə görüşüb.

ADU-da qonaq olan heyətin tərkibində Xudjou şəhərinin Bələdiyyə sədrinin müavini Şi Yitinq, şəhər bələdiyyəsinin baş katibinin müavini Lu Xiaoha, Bələdiyyə Komitəsinin Ekoloji Sivilizasiya İdarəsinin direktor müavini Xia Vei, Xudjou Bələdiyyə Təhsil Bürosunun direktoru Chen Jianliang, Nanxun Rayon Xalq Hökümətinin icra başçısının müavini Xiong Zhuoyue, Liderlik Qrupunun üzvü, CPC Xudjou Bələdiyyə komitəsinin Təşkilat şöbəsindən Lu Xiaohon iştirak edib.

Qonaqları salamlayan ADU-nun rektoru, akademik Kamal Abdulla COP29-la bağlı fikirlərini səsləndirib.

Qeyd olunub ki, ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirə böyük maraq var:

“Möhtəşəm bir tədbirə ev sahibliyi edən Azərbaycana səfəriniz bizi son dərəcədə məmnun edir. Biz hamımız böyük əhəmiyyət kəsb edən COP29-un açılış mərasimini izlədik. Şadıq ki, iştirakçılar arasında Çindən olan nümayəndə heyəti də var.

Sizin təmsil olunduğunuz şəhər bizim üçün doğma bir şəhərdi. Xudjou şəhəri bizim universitetdə kollektiv tərəfindən yaxşı tanınan və rəğbət olunan şəhərlərdən biridir. Biz sevinirik ki, ADU-da Konfutsi İnstitutunun açılışından sonra Xudjou şəhərində də Azərbaycan dili və mədəniyyətini təmsil edən mərkəz fəaliyyətə başlamışdır.

Fürsətdən istifadə edib yaradılan şəraitə və imkanlara görə Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyi universitetin rəhbərliyinə minnətdarlığımızı bildiririk”.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirən Xudjou şəhərinin Bələdiyyə sədrinin müavini Şi Yitinq Azərbaycanda keçirilən COP29 kimi beynəlxalq bir tədbirin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Azərbaycan və Çin arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələr yüksələn xətlə inkişaf edir. Vurğulanıb ki, bu əlaqələrin qurulmasında və inkişafında tarixi köklərə dayanan ənənələrin böyük rolu vardır:

“Azərbaycan son illər sürətlə inkişaf edir. Bu inkişafın əsasında iqtisadi, siyasi, elmi faktorlar əsas rol oynayır. COP29 kimi beynəlxalq bir tədbirə ev sahibliyi edən Azərbaycan növbəti uğura imza atmış oldu.

Bu gün biz şəhər turuna çıxdıq. Şəhəriniz çox gözəldir. Tarixi məkanlar bizi çox heyrətləndirdi. Heydər Əliyev Mərkəzində, Dağüstü Parkda olduq. Şəhər sakinlərinin qonaqpərvərliyi və səmimiyyəti bizi çox sevindirdi.

Arzu edirik ki, Azərbaycan və Çin arasında olan əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf etsin. İnanıram ki, hər iki ölkənin universitetləri arasında sıx əməkdaşlıq münasibətləri bundan sonra yeni perspektivləri özündə ehtiva edəcəkdir”.

Xoş sözlərə və səmimi arzularına görə təşəkkürünü bildirən ADU-nun rektoru, akademik Kamal Abdulla hər iki ölkənin universitetləri arasında bundan sonra da əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını vurğulayıb.

Qeyd olunub ki, ADU ilə Çinin Xudjou şəhəri arasında olan dostluq münasibətləri hər zaman öz varlığını qoruyub saxlayacaqdır.

ADU-da Çin dilinə, mədəniyyətinə olan böyük diqqət və marağın olduğunu bildirən rektor tələbələr üçün Çin dili və mədəniyyəti ilə bağlı tez-tez müxtəlif tədbirlərin, mühazirələrin təşkil olunduğunu söyləyib:

“Tələbələrimiz Çin dilini, mədəniyyətini, tarixini böyük maraq və həvəslə öyrənirlər. ADU-da səkkiz ildir ki, fəaliyyət göstərən Konfutsi institutu Çinlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm işlərə imza atıb.

Azərbaycanlı tələbələr yay məktəbi çərçivəsində Çində səfərdə olublar, Çin dilini, mədəniyyətini daha yaxından öyrənmək imkanı əldə ediblər. Xudjou şəhəri bu mənada tələbələrimizi xüsusi diqqət və qayğı ilə qarşılayıb. Biz fəxr edirik ki, Xudjou şəhəri ilə dostluq edirik. Azərbaycanın müxtəlif bölgələrində Çin dili ilə bağlı tədrisin aparılması işlərinə də başlaya bilərik. Biz bu layihəni Xudjou şəhər rəhbərliyi ilə birlikdə həyata keçirə bilərik. Eyni zamanda Çində fəaliyyət göstərən həmkarlarımız üçün Azərbaycanla bağlı mühazirələr təşkil edə bilərik. Bu istiqamətdə kitabxanaları, elmi mərkəzləri də cəlb etmək mümkündür”.

Səsləndirilən fikirlərə və təkliflərə görə təşəkkürünü bildirən heyət, perspektiv vəd edən əməkdaşlıq münasibətlərinin olmasını yüksək qiymətləndiriblər.

Daha sonra qonaqlar ADU-nun nəznində fəaliyyət göstərən Konfutsi İnstitutunu ziyarət ediblər. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qonaqlara Konfutsi İnstitutun həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Görüş gələcək elmi əməkdaşlıq və tərəfdaşlıq imkanları ətrafında müzakirələrlə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər