Kamal Abdulla Serbiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Kamal Abdulla Serbiyanın ölkəmizdəki səfiri ilə görüşüb Aprelin 3-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçlə görüşüb.

Qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor bildirib ki, elmi, mədəni əlaqələrin daha möhkəm sütunlar üzərində qurulması hər iki ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir:
“Biz öz işimizlə elmi, mədəni əlaqələrin qurulmasında üzərimizə düşən bütün öhdəlikləri böyük məmnunluqla həyata keçirməliyik. Bu yaxınlarda bizim əməkdaşımız Serbiyada, Belqrad universitetində səfərdə olub. Səfər çox uğurlu alınıb. Qarşılıqlı elmi, mədəni əlaqələrin inkişafı baxımından mərkəzlər arasında kommunikasiyanın olması vacib məsələlərdən biridir. Bu mənada hər iki tərəf öz məmnuniyyətini və görülən işin faydalılığını önə çəkir.

Bu gün Azərbaycan və Serbiya hökumətləri və xalqları arasında səmimi bir münasibət var. Bu münasibət bizə daha çox əməkdaşlıq əlaqələrini qurmağa, inkişaf etdirməyə, öyrənməyə, ölkələrimizi dünyada daha çox təbliğ etməyə şərait yaradır. İnanıram ki, əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir”.
Xoş sözlərə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir ADU-nun son illər qazandığı uğurlardan danışıb.

Qeyd olunub ki, elmi əməkdaşlıq çərçivəsində hər iki ölkənin dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi tərəfdaşlığın, dostluğun göstəricidir.
Görüş qarışılıqlı elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi ətrafında aparılan müzakirələrlə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər