Azərbaycan və Çin ali təhsil ocaqları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan və Çin ali təhsil ocaqları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Minlə görüşüb.
Görüşdə rektor Azərbaycan və Çin arasında elm, təhsil və mədəniyyət istiqamətində qurulan səmərəli əməkdaşlıqdan danışıb.
ADU-nun Konfutsi İnstitutunun və Xudjou Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirən akademik Kamal Abdulla gələcək əlaqələrin daha geniş və səmərəli qurulması üçün bundan sonra da vacib addımların atılacağını diqqətə çatdırıb: “ADU-nun Konfutsi İnstitutu və Xudjou Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi qarşılıqlı əməkdaşlıq şəklində çalışırlar. Bu, gələcəkdə qurulacaq daha sıx əməkdaşlığın təməlidir. Universitetimizin “Səfir saatı” layihəsinə diplomatlar və tələbələr böyük maraq göstərir. Sizi böyük məmnuniyyətlə bu layihə çərçivəsində tələbələrlə görüşə dəvət edirik. Tələbələrimiz Çinə, onun dilinə, mədəniyyətinə, müasir dünyadakı yerinə böyük maraq göstərirlər. Şadam ki, Çin dilinin tədrisində çinli həmkarlarımızın iştirakını tez-tez görürük. Bu, bizim münasibətlərin yüksək göstəricisinin nümunəsidir”.
Səfir xanım Qo Min “Məzun günü” münasibətilə ADU-nun kollektivini və tələbələri təbrik edib, universitetin uğurlarından danışıb. Səfir deyib ki, Azərbaycan Dillər Universiteti ölkədə və regionda keyfiyyətli təhsili ilə seçilən nüfuzlu təhsil ocağıdır: “Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, rəhbərlik etdiyiniz ali təhsil ocağında Çin dilinin tədrisinə, ölkəmizin tarixinin və mədəniyyətinin öyrənilməsinə böyük diqqət göstərilir. Konfutsi İnstitutunun uğurlu fəaliyyəti bizi çox sevindirir. İnstitut müxtəlif istiqamətlərdə çox faydalı tədbirlər və seminarlar təşkil edir. Xudjou Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Azərbaycan Dillər Universitetindəki Konfutsi İnstitutu iki ölkə arasında qurulan əlaqələrə töhfə verir. Səfirlik bundan sonra da müvafiq istiqamətdə atılan addımlara öz dəstəyini verəcək”.
Görüş iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

Tehsil-press.az




Oxşar xəbərlər