Koreya səfiri ADU-nun qonağı oldu

Koreya səfiri ADU-nun qonağı oldu Mayın 17-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq Azərbaycan Dillər Universitetində qonaq olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetimizdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, ADU-da Koreya mədəniyyətini, tarixini, elmini öyrənmək üçün əlverişli imkanlar yaradılıb:

“Tələbələrimiz Koreya mədəniyyətinə, tarixinə, elminə böyük maraq göstərir. Universitetimizdə Koreyanı daha yaxından tanımaq üçün əlverişli imkanlar mövcuddur. Həm müəllimlərimiz, həm də tələbələrimiz bu imkanlardan rahatlıqla istifadə etmək imkanına sahibdirlər.

İstər idman, istərsə də mədəni sərgilərin təşkil olunması hər iki ölkə arasında əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə yarışları da univeritetimizdə tez-tez təşkil etmək lazımdır. Sizi universitetimizdə tez-tez görməkdən məmnun olarıq. Mən sizə minnətdarlığımı bildirirəm ki, Koreya Mərkəzinə hər zaman diqqət göstərirsiniz. Həm müəllimlərimiz, həm də tələbələrimiz Koreya Mərkəzinin fəaliyyətindən son dərəcə məmnundurlar.

Bildiyiniz kimi, ADU beynəlxalq reytinqlər cədvəlində yenidən özünə yer tapıb. Belə ki, QS beynəlxalq reytinq cədvəlində Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə 1500 universitet arasında 300-340-cı yerdə qərarlaşıb. Bu mühüm bir hadisədir. İnanırıq ki, bu uğurumuzun davamı olacaqdır”.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən səfir ADU-nun beynəlxalq nüfuzundan söhbət açıb.

Qeyd olunub ki, ADU son illər bir sıra beynəlxalq uğurlara imza atıb. Bildirilib ki, ölkələr arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. “Koreya haqqında viktorina” haqqında danışan səfir qeyd edib ki, viktorinanın qalibinin bu il Koreyaya səfəri gözlənilir.

Müəllim və tələbə mübadiləsinin əhəmiyyətindən söz açan səfir gələcək elmi əməkdaşlığın yeni imkanları haqqında danışıb.

Koreyada fəaliyyət göstərən Koreya Xarici Dillər Universitetinin fəaliyyətinə toxunan səfir qeyd edib ki, həmin universitetin əməkdaşları ADU-da fəaliyyət göstərən Koreya mərkəzi ilə mütəmadi şəkildə əlaqə saxlayır, yeni elmi əməkdaşlıq imkanlarını müzakirə edirlər.

Görüş gələcək elmi əməkdaşlıq, müəllim və tələbə mübadiləsi ətrafında aparılan müzakirələrlə davam edib.

Daha sonra tələbələrin iştirakı ilə “Koreya haqqında viktorina” təşkil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər