
Bu gün bizim idman sahəsi üzrə dünyada ad qoyaraq tanınan idmançılarımızı demək olar ki, bütün ictimaiyyət tanıyır, amma elm sahəsi üzrə və olimpiadada uğur əldə edərək ölkəyə medal gətirən gənclərimiz çox da tanınmır . Burada işin böyük qismi Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik bu gənclərin öz sahəsi üzrə inkişaf etməsindən sosial vəziyyətinə kimi dəstək olmalıdır. Ehtiyac yaranarsa bu istiqamətdə müəyyən büdcə ayrılmalıdır. Milli Məclisə müvafiq istiqamətdə təkliflər edilməlidir.
Bu gün idman sahəsi üzrə idmançılarımızın növbəti yarışlara hazırlaşması üçün müəyyən imkanlar var, Gənclər və İdman Nazirliyi tərəfindən idmançılarımıza zallarda məşq keçmələri üçün şərait yaradılır. Amma çox təəssüflər olsun ki, bizim elm və təhsil üzrə dünya olimpiadalarına hazırlaşan gənclərimizdə bu kifayət qədər deyil. İnkişaf etmiş ölkələrdə belə gənclərə xüsusi diqqət və qayğı göstərilir, onlara öz bilik və bacarıqlarını inkişaf etdirmək, yeni kəşflər və nailiyyətlər əldə etmək üçün xüsusi mərkəzlər və müəyyən büdcə ayrılır. Həm icad və inkişaf istiqamətində, həm də sosial şəraiti olaraq bunlara mütləq dəstək olunmalıdır. Bu gənclərin öz sahəsi üzrə elmini inkişaf etdirməsi üçün lazımi addımlar atılmalıdır. Çünki bütün dünyada müəyyən ixtisas üzrə yer tutan məktəblilər çox az sayda olur. Bu gün Lütfüzadələri yetişdirmək üçün müvafiq addımlar atılmalı, onlara xüsusi yerlər ayrılmalı, bilik və savadlarının inkişaf etdirilməsi istiqamətində dəstək verilməlidir. Bir sıra qabaqcıl ölkələrdə olduğu kimi bizdə də bu kimi talantlara xüsisi akademiyalar açılaraq elminin və biliyinin inkişaf etdirmələri üçün dəstək göstərilməlidir. Həmin məktəblilər təhsil müəsisəsini bitirdikdən sonra onlara yeni kəşflər, layihələr hazırlanması üçün müəyyən şərait yaradılmalıdır.
Düzdür hazırda Elm və Təhsil Nazirliyinin fənn olimpiadaları istiqamətində hazırlıq xidməti göstərilir. Eləcə də, müəyyən mükafat verilir. Olimpiada yekunlaşdıqdan sonrakı mərhələ, yəni medalı aldıqdan sonrakı mərhələ bir az passiv hərəkət edir. Buna görə də bizim medal qazanan gənclərimiz müəyyən təqaüdlərə müraciət edərək xarici ölkələrə üz tuturlar. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə müvafiq addımlar atmalıdır. Mütləqdir ki, bu addım yeni kəşflər və inkişaf istiqamətində müəyyən nailiyyətlər əldə etməmizə köməklik göstərəcək.
Tehsil-press.az