“Müxtəlif xidmət sahəsi üzrə fəaliyyət göstərənlərin peşə təhsili alması zəruridir.”

“Müxtəlif xidmət sahəsi üzrə fəaliyyət göstərənlərin peşə təhsili alması zəruridir.” Artıq Azərbaycan təhsil sistemində peşə təhsilinə xüsusi diqqət ayrılır. İxtisaslar açılır, yüksək peşə təhsili istiqamətində təhsil alanlara imtahansız Ali təhsil alması üçün subbakalavr dərəcəsi verilir.

Peşə təhsili – əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadr hazırlığı aparılan təhsil pilləsi hesab olunur.

Hazirda müxtəlif sahələr üzrə peşə təhsili ixtisasları mövcuddur. Sevindirici hal odur ki, hazırda peşə təhsili almaq üçün hər hansı bir qəbul imtahanı verməyə ehtiyac yoxdur. Abituriyent orta məktəbi bitirdiyi attestat qiymətlərinin ortalamasına - UOMG nəticəsinə əsasən peşə təhsili müəssisələrinə müraciət edə bilər. Peşə təhsili müəssisələrində hazırda arxiv işi, kargüzarlıq, inşaat, memarlıq və tikinti, xalçaçılıq, musiqi alətlərinin bərpası, zərgərlik, nəqliyyat servisi, neft-qaz avadanlıqlarının təmiri, texnologiya avadanlıqları və elektronika sahələri və s üzrə 50-yə yaxın ixtisaslar mövcuddur.

Maraq kəsb edən amillərdən biri də odur ki, hazırda cəmiyyətdə təmir xidməti olaraq usta fəaliyyətindən narazı olan, vətəndaşlarımız var. İstər nəqliyyat vasitəsini, istər mənzil təmirini ustaya, yəni həmin peşənin sahibinə əmanət edənlər bir müddət sonra göstərilən xidmətin yararsızlığından, yaxud da, aldadıldığından şikayət edirlər.
Nəzərə almaq lazımdır ki, hər bir təmir və xidmət sahəsi üzrə hər kəs işinin mütəxəssisi olanları axtarır. Amma hazırda əmək bazarında işinin mütəxəssisi olan peşə xidməti göstərənlər ilə yanaşı fırıldaqçı ustalar da mövcuddur. Qanunvericiliyin tələbinə uyğun olaraq hər bir sahibkar və yaxud da fiziki şəxs kimi fəaliyyət göstərən vətəndaş, yəni usta ilk növbədə göstərdiyi xidmətin mütəxəssisi olmalıdır. Yəni xidmət növü üzrə bilik və bacarığı ilə yanaşı həmin sahəyə uyğun təhsili də olmalıdır. Əgər hər hansı bir texniki sahə və yaxud da, ustalıq fəaliyyəti üzrə xidmət göstərən vətəndaş həmin peşə sahəsi üzrə təhsil almayıbsa bu istiqamətdə xidmət göstərməsi qanunsuz hesab olunmalıdır. Yəni xidmət göstərənin bilik bacarığı ilə yanaşı həmin peşəyə aid müəyyən diplomunun da olması zəruridir. Bu gün bizim Peşə təhsili müəssisələrində bütün istiqamətlər üzrə peşə ixtisasları var və hər il Peşə Təhsili Müəsisələrinə qəbul həyata keçirilir. Arzuolunandır ki, həm texniki avadanlıqlar, həm də ev-məişət xidmət sahələri üzrə usta fəaliyyəti göstərənlər həmin peşə ixtisasları üzrə təhsil alsınlar. Bu həm peşə təhsilinin qəbulunda canlanma əmələ gətirər, həm də xidmət göstərənlər ixtisaslı kadr kimi formalaşar. Beynəlxalq təcrübəyə baxdıqda da xüsusi peşə təhsil sahələri üzrə təhsil almayanlar həmin xidmət sahələrində mütəxəssis kimi fəaliyyət göstərə bilməz. Ya köməkçi kimi, ya da fəhlə kimi fəaliyyət göstərə bilər. Düşünürəm ki, müəyyən peşə təhsili almış ixtisaslı ustaların əmək fəaliyyəti usta dələduzluğunun da qarşısını alacaq. Bu gün müxtəlif xidmət sahəsi üzrə peşə diplomu olmayan minlərlə ustalar var ki, həqiqi sənətkarların adına ləkə gətirərək vətəndaşları aldadır. Bu da vətəndaşların haqlı iradlarına səbəb olur. İstər iaşə xidmətlərində, istərsə də usta xidmətlərində vətəndaş ona xidmət göstərən ilə müqavilə bağladıqda həmin xidməti göstərən şəxsin müvafiq sahə üzrə təhsilini müəyyənləşdirmək üçün onun diplomunu tələb edə bilər, yaxud da işə yararlılığını müəyyənləşdirər. Hesab edirəm ki, peşə təhsilininin yararlılığını artırmaq, həmçinin peşəkar mütəxəssislərin xidmət göstərməsi istiqamətində bu addım ürəkaçan olacaq. Həm də xidmət alan vətəndaşlar dələduz ustalar tərəfindən aldanmayacaq. Bu addım həmçinin xidmət sahəsində fəaliyyət göstərən ustaların səhlənkarlığının, o cümlədən də, ehtiyatsızlıqdan baş verən bədbəxt hadisələrin də qarşısını müəyyən qədər azaldacaq.

Tehsil-press.az

Oxşar xəbərlər