Köçəryandan Qarabağ açıqlaması: Bu, müharibə çağırışı idi

Köçəryandan Qarabağ açıqlaması: Bu, müharibə çağırışı idi Qarabağın Azərbaycana təhvil verilməsi iki mərhələdə həyata keçirilib: birincisi müharibədən əvvəl 2018-2020-ci illərdə, ikincisi isə ondan sonra 2023-cü ilin sentyabrına qədər.

Bu barədə Ermənistanın sabiq prezidenti Robert Köçəryan mətbuat konfransında bildirib.

“Baş nazir (Nikol Paşinyan) 2019-cu ildə danışıqlara sıfırdan başladığını söylədi. Bu, o demək idi ki, o, həmsədrləri heçə saydı. Mahiyyət etibarilə danışıqlar prosesi dalana dirəndi. Sonra bəyan elədi ki, “Qarabağ Ermənistandır”. Əgər belədirsə, onda nə barədə danışıqlar aparmalı idilər? Bu, mahiyyət etibarilə müharibəyə çağırış idi”, - sabiq prezident bildirib.

Rusiyanın keçmiş münaqişə ilə bağlı vasitəçiliyindən danışan Köçəryan söyləyib ki, Ermənistan baş nazirinin Qarabağı Azərbaycan ərazisi kimi tanıması qərarı Moskvanın vasitəçilik mandatını ləğv edib:

“Rusiya 10 noyabr bəyanata uyğun olaraq vasitəçi olmuşdu. Amma Qarabağın Azərbaycan ərazisi kimi tanınması ehtiva edən Praqa bəyanatı faktiki olaraq bu vasitəçiliyin üstündən xətt çəkdi”.

Xatırladaq ki, Robert Köçəryan 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalının, Xocalı soyqırımı və digər hərbi cinayətlərin əsas iştirakçılarından biridir. Onun barəsində Azərbaycanda cinayət işi açılıb.

Tehsil-press.az

Oxşar xəbərlər