BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiya Mərkəzinin müdiri, professor Mais Süleymanov bildirib ki, ağıllı suvarma texnologiyasından istifadə bütün dünya, xüsusilə Azərbaycan üçün çox aktualdır. Hazırda dünyanı gözləyən quraqlıq problemi keçən il Bakıda keçirilmiş COP29 tədbirində də ciddi müzakirə olunub. Azərbaycan bu baxımdan risk qrupuna daxil olan ölkələr sırasındadır. Ona görə də belə layihələr dəstəklənməlidir.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev layihənin əhəmiyyətindən danışıb, eyni zamanda gənclərin belə innovativ layihələr üzərində işləməyinin faydalı olduğunu, problemlərin həlli istiqamətində geniş imkanlar aça biləcəyini vurğulayıb.
Sonra layihənin icrası ilə bağlı videoçarx nümayiş etdirilib.
Layihə rəhbəri Sara Rəhimzadə qeyd edib ki, “Ağıllı suvarma texnologiyasının (SmAgTech) yaradılması” layihəsinin əsasında kiçik maliyyəli və yüksək keyfiyyətə malik ağıllı suvarma texnologiyasının yaradılması, onun praktiki fəaliyyətinin araşdırılması planlaşdırılıb. Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli həyata keçirmək və kənd təsərrüfatı sahəsində daha yüksək məhsuldarlıq əldə etməkdir. Layihədə əkin sahələri, tarla və istixanaların uzaqdan monitorinqinin təmin edilməsi nəzərdə tutulub. Mobil tətbiq vasitəsilə bir çox parametrin, o cümlədən torpaq nəmliyi, temperatur, torpaqdakı duzluluq səviyyəsi kimi göstəricilərin canlı izlənməsi mümkündür. “SmAgTech” vasitəsilə bitkilərin avtomatik gübrələnməsi də həyata keçirilə bilər. Hazırlanmış qurğuda zərərvericiləri əkin sahəsindən uzaqlaşdırmaq üçün xüsusi səs sistemi də yaradılıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az