UNEC qrant müsabiqəsi davam edir

UNEC qrant müsabiqəsi davam edir Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasına alimlərin töhfəsini stimullaşdırmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qrant müsabiqəsi elan edir.
Müsabiqə UNEC-də aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və inkişafı baxımından “Müsabiqə əsasında universitetin vəsaitlərindən elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi sistemi haqqında” Əsasnaməyə uyğun olaraq keçirilir. Müsabiqədə Azərbaycan Respublikasının vergi orqanlarından VÖEN almış, yalnız UNEC-də çalışan əməkdaşlar, doktorantlar, magistrantlar, həmçinin müsabiqəyə ərizə layihəsinin hazırlanması mərhələsində onların arasından formalaşdırılan müvəqqəti elmi kollektivlərinin nümayəndələri iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı istiqamətlərə uyğun olmalıdır:
-Azərbaycanda rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafı;
-Azərbaycanın aqrar sektorunda blokçeyn texnologiyasının tətbiqi və istifadə edilməsi;
-Azərbaycanda “yaşıl” iqtisadiyyatın formalaşdırılması;
-Elmtutumlu məhsul istehsalı: universitet-dövlət-sənaye əlaqələrinin inkişaf mexanizmi;
-İşğaldan azad olunmuş ərazilərin resurs potensialı və bu potensialın ölkənin iqtisadi dövriyyəsinə cəlb edilməsi;
-Zəngəzur dəhlizinin geoiqtisadi təsirləri;
-“Ağıllı kənd” və “Ağıllı şəhər”: idarəetmə modeli;
-Qarabağ Universiteti modeli;
-Kompozit sistemlər əsasında praktiki tətbiq imkanlı funksional materialların yaradılması.
Layihənin dəyəri maksimum 30 (otuz) min manatadək və icra müddəti 6 aya qədərdir. Müsabiqənin nəticələri elan olunan tarixdən iki ay sonra açıqlanacaq. İştirak etməkdə marağı olanlar ərizə və layihə təkliflərini (sifarişlərini) əlavələr formasında qrant müsabiqəsi elan olunan tarixdən bir ay müddətində elektron formada (PDF formatda) [email protected] ünvanına göndərməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər