
Ayaz Salayev o baxış bucağından haqlıdır ki, rus dili Azərbaycan dilinin identikliyinə bu dəqiqə, hazırda, indiki zamanda daha az təhlükə törədir, nəinki Türkiyə tükcəsi. Çünki rusca ən azı flektiv quruluşuna görə Azərbaycan dilini dağıtmaq gücündə ola bilməz.
Təhsil aldığın, danışdığın, elmi biliklərə yiyələndiyin dil birbaşa düşüncə və təfəkkürə təsir edir. Marrın 100 il öncə dediyini artıq bütün dünya dilçiləri və psixoloqları qəbul edib ki, dil – təfəkkür vasitəsidir. Bir dildə yüksək səviyyədə danışmaq üçün həmin dildə düşünmək vacibdir – insan ibtidai, orta və ali təhsil aldığı dildə düşünür və bu da onun dünyagörüşünə birbaşa təsir göstərir. Yəni sən rusca düşünürsənsə, rus dil məkanının, rus etnokulturunun təmsilçisisən.
Rus dilinin təzyiqi altında Azərbaycan dilinin hansı təsirlərə məruz qaldığını xüsusi yada salmağa ehtiyac yoxdur – bu dilin mənfi və dağıdıcı nəticələri hazırda da məişət dilimizdə qalmaqdadır və “bir zat” dilimizi təmizləyə bilmirik.
Ən dəhşətli örnəyi qazaxlarda, qırğızlardadır. Azərbaycanda bu təhlükə ona görə az olub ki, ötən əsrin 50-ci illərindən başlayaraq, saysız-hesabsız dilçi alimimiz, ziyalımız bu dilin identikliyi uğrunda sözün hər mənasında və bütün cəbhələrdə mübarizə aparıb. Nəticəsi olub və var, dediyim kimi, qazax və qırğız müqayisəsində bunu görə bilərik, sadəcə, bu müqayisə dilimizi tam şəkildə qoruya bildiyimiz anlamına gəlmir.
Mütləq şəkildə hər bir şəxs ibtidai sinifdən ali məktəbə qədər ana dilində təhsil keçməlidir ki, öz dilinin, mədəniyyətinin, tarixinin, kimliyinin daşıyıcısına çevrilsin.
Paralel dil öyrənmək vacibdir – təəssüf ki, Azərbaycan coğrafi və informasiya baxımından hələ də rus dili məkanına daxildir və buna görə rusca bizim üçün zəruridir. Ancaq bu, məhz ikinci dil kimi öyrənilməlidir, yəni yetkin insan “rusca” düşünməməlidir, rusca danışmağı bacarmalıdır. Ruscada ləhcəli danışmaq o deməkdir ki, adam ana dilində düşünür, sadəcə, beyində “sinxron tərcümə” edir.
Türkiyə türkcəsinin "təhlükəsi" isə odur ki, dil, mədəniyyət, tarix – hər şey eynidir: biz Səlcuqların Azərbaycanda qalanları, Türkiyə türkləri isə Anadoluya gedənləridir. Türkiyə ərazi, əhali, elm, texnika dili olmaq, dünyaya qapı və s. baxımından türk ailəsi üçün favoritdir. Hazırda qardaş ölkədə türk dövlətlərindən çoxsaylı tələbə təhsil alır. Həmçinin son vaxtlar dünyanı fəth edən serialları Türkiyə türkcəsinin arealını həddən artıq genişləndirib.
Gözlənilən Türk Birliyinin də lokomotivi Türkiyədir. Bu halda biz niyə hələ də, məsələn, qazaxla, qırğızla, özbəklə, türkmənlə “rusca” anlaşmalıyıq?
Yəni dilimizin identikliyini qorumaq istəyiriksə, ruscadan tutmuş hazırkı Türkiyə türkcəsinə qədər, hər təzyiqdən sığortalanmalıyıq. Bəs, bu, bizim gələcək hədəfimizdirmi? Maksimum şəkildə özümüzü Türkiyə türkcəsindən qoruyub, inadla, məsələn, “bilgisayar” deyil, “kompüter” yazmağa və deməyə davam etməyimizin anlamı nədir?
Türkiyə türkcəsi kifayət qədər inkişaf etmiş, məhz gəlişmiş dildir və onun Azərbaycan da daxil olmaqla, bütün türk ləhcələrinə təsiri mütləq olmalıdır, buna açılmalıyıq, bu istiqamətdə getməliyik. Türkiyə türkcəsinin türk xalqlarının ortaq dili olmaq potensialı həddən artıq böyükdür. Bunun qarşısını niyə alaq? Hansı tarixi, siyasi, mədəni səbəblərə görə?
Amma həddən ziyadə vacib məqamları da unutmamalıyıq:
Türkiyə türkcəsinin də vətəni Azərbaycandır; ancaq Türkiyə türkcəsi ötən əsrin əlifba islahatı ilə ciddi şəkildə ilkinliyindən ayrılıb.
“Ə” saiti niyə Türkiyə qrammatikasında olmamalıdır? Axı Türkiyə türkləri canlı danışıqda bu saitdən maksimum istifadə edir!
Yaxud: kar samitlərin cingiltiləşməsi. Türkiyə türkləri də “dağ”, “demir” deyir, ancaq “tavşan”da, “kar”da, “kara”da, “bulut”da və s. qalmaqda davam edirlər.
Kar samit dilin ilkin mərhələsi üçün xarakterikdir - açın “Kitabi-Dədə Qorqud”u, baxın: biz məhz o cür “ortaq” danışmışıq. Lakin dilin qədimliyini göstərən əsas faktorlardan biri də kar samitin cingiltiləşməsidir. Yəni dilçilik nəzəriyyəsinə görə, kar samitlərin cingiltiləşməsi üçün dilin ən azı 1500 ilə yaxın yaşı olmalıdır.
Orxon-Yenisey dilindən ən azı 1500 il keçibmi? Bəs, niyə, məsələn, “tağ” – “dağ”laşdığı halda, “kar” “qar”a, “tavşan” “dovşan”a və s. çevrilməyib?
Çünki Türkiyə türkcəsinə süni müdaxilə edilib, canlı danışıqda işlənən səslər əlifbada əksini tapmayıb, daha sonrakı dövrdə isə - 40-50-ci illərdə - feillərin sonuna bir qondarma “İstanbul estetikası” yapışdırılıb, “şəhərləşdirilib” və dil bir çox istiqamətdə təbii axarından ayrılıb. Halbuki Türkiyənin “şəhərləşməyən” türkcəsi Azərbaycan türkcəsi ilə az qala tam-tamına eynidir.
Yəni “təhlükəni” aradan qaldırmaq üçün Türkiyədə bəzi sait/samitlərin (ə və x mütləqdir) əlifbada bərpası vacibdir; Türkiyə türkcəsi təbii axarına qaytarılmalıdır, bunun ardınca bütün türk ləhcələrinin qarşılıqlı təması artırılmalıdır: süni müdaxilələri tapıb, hamısından dili arındırıb, yazı və ədəbi dil qaydalarını xalqın ixtiyarına buraxmalıyıq – xalq özü öz əski sözlərini də bərpa edəcək, dilin inkişaf xüsusiyyətlərini də özü nizamlayacaq. Əmin olun, onda biz “kasaba” deməyəcəyik, Türkiyə türkləri “qəsəbə” deyəcək...
Bir neçə onildən sonra isə Orxan-Yenisey, Kitabi-Dədə Qorqud, Manas... “dili”ni anlamayan heç bir türk qalmayacaq.
Tehsil-press.az