Beynəlxalq Türk Akademiyası “Gənc Türkoloqlar Yay Məktəbi” təşkil edib

Beynəlxalq Türk Akademiyası “Gənc Türkoloqlar Yay Məktəbi” təşkil edib Bişkekdə Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı və Türkiyə Elmlər Akademiyası, Qırğızıstan-Türkiyə Manas Universitetinin dəstəyi ilə “Gənc Türkoloqlar Yay Məktəbi”nin açılışı olub.
Tədbirdə Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffər Şəkər, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpaslan Ceylan, Türk dünyasının, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstanın tanınmış ali təhsil ocaqlarının professorları, Türkiyə, Türkmənistan, Özbəkistan, Macarıstan, Monqolustan, Bosniya və Herseqovina, Şimali Makedoniya, Şimali Kipr Türk Respublikası, Başqırdıstan və Tatarıstandan olan gənc alimlər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev türkologiyanın dəyərlərə əsaslanan və müasir dövlət quruculuğunu hədəfləyən bir elm sahəsi olduğunu söyləyib. O, türkoloqların bir-biri ilə ortaq məsələlərin müzakirəsini aparmasının vacibliyini vurğulayıb. Şahin Mustafayev çıxışının sonunda gənc alimlərə uğurlar arzulayıb və tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Türkiyə Elmlər Akademiyasına və Qırğızıstan-Türkiyə Manas Universitetinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi “Gənc Türkoloqlar Yay Məktəbi” türkşünaslıq, türk tarixi, türk ədəbiyyatı, antropologiya, mədəniyyətşünaslıq və arxeologiya sahələrində çalışan və tədqiqatlar aparan gənc alimlərə dəstək məqsədilə keçirilib.
Yay Məktəbi gənc alimlərə bir-birini daha yaxından tanımağa, öz layihələrini və tədqiqatlarını təqdim etməyə, yeni biliklər əldə etməyə və peşəkar şəbəkələr yaratmağa imkan verir. Məktəb çərçivəsində gənc alimlər Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı üzrə nəzəri və tətbiqi biliklərini dərinləşdirəcəklər.
İyunun 26-dək keçiriləcək Yay Məktəbi çərçivəsində Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı ilə bağlı gündəlik mühazirələr və texniki seminarlar, işçi qruplarda müzakirə sessiyaları və mədəni tədbirlər reallaşacaq.
Yay Məktəbi çərçivəsində “Türk dünyası” anlayışı, türk dövlətlərinin tarixi, Türk dünyasının arxeologiyası, Türk dünyasının sənət və düşüncə tarixi, türk dillərinin xüsusiyyətləri və müasir türk dilləri, Türk dünyası mifologiyası, Türk dünyasının əfsanə və nağılları işıqlandırılacaq.
Tədbirin sonunda iştirakçılar Yay Məktəbinin mövzuları üzrə məruzə hazırlamaq və əldə etdikləri nəticələri alimlərlə müzakirə etmək imkanı əldə edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər