124 alim Bakıya toplaşdı: Türk Dili Qurultayı

124 alim Bakıya toplaşdı: Türk Dili Qurultayı Sentyabrın 26-da Bakıda XIV Beynəlxalq Böyük Türk Qurultayı keçirilib.
Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir çıxış edərək qurultayın əhəmiyyətindən söz açıb.
Qeyd edib ki, bu qurultay türk dilinin zənginliyini və onun dünya dilləri arasında özünəməxsus yerlərdən birinə sahib olmasını şərtləndirir.
Türk dilinin yaşadılması, saflaşdırılması uğrunda mühüm işlər görüldüyünü deyən C.Özdəmir bundan sonra da bu istiqamətdə işlərin davam edəcəyini vurğulayıb, qurultayın işinə uğurlar arzulayıb.
C.Özdəmir jurnalistlərə açıqlamasında bildirib ki, XIV qurultayın Bakıda keçirilməsi olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, tədbirdə elm adamları iştirak edirlər: “Bu qurultay dünyaya bir mesajdır ki, türk dili yaşayır”.
Qurultayın Təşkilat Komitəsinin rəhbəri, Bilkənd Universitetinin bölgə ölkələri kurs proqramlarının direktoru Rasim Özyürək deyib ki, iki gün davam edəcək Türk Dili Qurultayı və 87-ci Türk Dili Bayramı həm ölkəmizdən, həm də xaricdən 120 elm adamının, azərbaycanlı müəllim və tələbələrin, türk dilini sevənlərin iştirakı ilə qeyd ediləcək.
O vurğulayıb ki, XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi, Bilkənd Universitetinin heyət sədri İhsan Doğramacı böyük bir elm adamı kimi daim türk dilinin yaşadılması, saflaşdırılması uğrunda mühüm işlər görür.
Türkiyə-Azərbaycan Dostluq İşbirliyi Dayanışma Vəqfinin və Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti Ənvər Həsənoğlu bildirib ki, türk dili zəngin, milli və müasir bir dildir.
“Türk dili bizi bir-birimizə bağlayan bir dildir. Bu dillə milli hisslər arasında qırılmaz bir bağ vardır.
Universitet və məktəblərimizdə təhsil alan tələbə və şagirdlər, yazıçılar, media mənsubları və digər yaradıcı mühitin insanları dilimizin zənginliyini duyur, onun daha da inkişaf etməsi üçün əlindən gələni edirlər.
Bu istiqamətdə daha da böyük işlərin görülməsi vacibdir. Dilimizin inkişafı üçün atılan bütün addımlarda yalnız onun köklərindən bəhrələnmək məqbul sayılmalıdır.
Bu qurultayın keçirilməsi də bu mənada təqdirəlayiqdir. Hər kəsi təbrik edir, uğurlar arzulayıram”, - deyə Ə.Həsənoğlu söyləyib.
Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoral çıxış edərək deyib ki, Böyük Türk Qurultayı ilk dəfə olaraq 1926-cı ildə Bakıda keçirilib: “Bu qurultayın Bakıda təşkil edilməsi olduqca əlamətdar idi. Bakı gözəl türkcəmizin ən gözəl ləhcələrindən birinin danışıldığı yerdir. Biz hamılıqla türkcəmizi qorumalı, onu bütün dünyada daha önəmli bir dil kimi qəbul edilməsi halına gətirməliyik. Bu yöndə elm adamlarının üzərinə böyük vəzifələr düşür. Bizim arxamızda 200 milyondan çox bir türk dünyası var. Biz işdə, dildə və fikirdə bir olmalıyıq”.
Bilkənd Universitetinin dosenti, qurultayın Təşkilat Komitəsinin üzvü Könül Əliyeva isə bildirib ki, 2006-cı ildən başlayaraq türk dövlətləri bir araya gələrək türk dilinin varlığı, tarixi, bu dillərin müqayisəsi, bənzərliyi, ortaqlaşmasından bəhs edən qurultaylar keçirir: “Bakıda növbəti qurultayın keçirilməsi də əhəmiyyətli idi. Qurultayda türk dilinin tarixindən, dialektikasından, ləhcələrindən məruzələr dinlənildi. Bu dəfəki qurultayın önəmi həm də ondan ibarət idi ki, professor və dosentlərin tələbələrinin türk dili ilə bağlı tədqiqatları dinlənildi, gənclərə daha çox yer verildi”.
K.Əliyeva qeyd edib ki, bu qurultay hər il davam edir: “Ayın 27-də dilçi alimlər Bakının gəzməli-görməli yerləri ilə tanış olacaqlar. Eyni zamanda 26 sentyabr Türkiyədə Türk Dili Günüdür. Ankarada Türk Dil Qurumunda simpozium keçirilir. Həmçinin, Azərbaycanda qurultay keçirilir. Gələn il türk dilinin var olduğu başqa bir ölkədə qurultay davam etdiriləcək. Məqsəd dünyaya türk dilinin zənginliyini, önəmini çatdırmaqdır”.
Qeyd edək ki, qurultay Türkiyənin Bilkənd Universitetində bölgə ölkələri kurs proqramlarının direktorluğu, Yunus Əmrə İnstitutu və Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq, Həmrəylik Vəqfi tərəfindən təşkil olunub və sentyabrın 27-də davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər