Azərbaycanda yeni din: Kəbəni o şəhərə köçürmək istəyirlər

Azərbaycanda yeni din: Kəbəni o şəhərə köçürmək istəyirlər Azərbaycanda Həcc ziyarətinə səfər tarixlərinin açıqlanmasından sonra qiymət məsələsi müzakirə edilir. Belə ki, ziyarət paketinin qiyməti 5950 ABŞ dollar, yəni 10 115 manatdır. Bu isə birmənalı qarşılanmır və müxtəlif aspektlərdən tənqid olunur.

Ilahiyyatçı Tural İrfan deyib ki, maddi imkanı yüksək olan, qazancının zəkatını, sədəqəsini verən, halal qazanan, yaxını ac olmayan müsəlmana bu ibadəti yerinə yetirmək vacibdir:

“Həcc ziyarət deyil, ibadətdir. Bəzi insanlar isə şan-şöhrət, ad qazanmaq, imtiyaz sahibi olmaq üçün ora gedirlər. Demək olar, Allah üçün Həccə gedən yoxdur. Pulu olan imansız, imanı olan da pulsuzdur. Qiymətin baha olması Səudiyyə Ərəbistanının Qərbin ideoloji dairələrinin təsirində olması ilə əlaqədardır. Həccə gedənlərin sayını ildən-ilə azaltmaq, Ərəbistanı dünyəvi qaydalara keçirmək istəyirlər. Qərbin böyük ideoloji planı var – Kəbəni İordaniyaya köçürüb yerində isə ticarət mərkəzləri bərpa etmək. Bunun üçün Kəbənin İordaniyanın Petra şəhərində olduğunu iddia edən “Əhmədi sülh və nur dini” adlı qondarma din də yaradıblar. Hətta bu, ölkəmizdə də geniş yayılır”.

İlahiyyatçı bildirib ki, Həcci ziyarət kimi təqdim edənlər onun turizm səfəri olduğunu demiş olurlar:

“Qiymətlərin bu formada olması soyğunçuluq və rüşvətxorluqdur. Heç ABŞ-a səfər edib 10 gün qalan adamın bu qədər xərci çıxmır. Həcci artıq ibadət olmaqdan çıxarıb biznesə çeviriblər. İnsanlar bununla günahlarını yuduqlarını zənn edirlər, amma əksinə, daha böyük günah qazanırlar. 10 min manata elə yaxşılıqlar etmək olar ki, min Həcc savabından artıq sayılar. Adamlar bunu yox, şöhrət və “Həci” adı istəyirlər. Allahın boynuna da atırlar ki, əmr edib. Bunun hamısı Allaha iftiradır”.

Qeyd edək ki, bu il Həccə gedişlər 25-30 may tarixlərində baş tutacaq.

Tehsil-press.az

Oxşar xəbərlər