XARIBÜLBÜL

XARIBÜLBÜL
ƏFSANƏ

Bu çiçəyin özü kimi qəribə də adı var. Xarıbülbül! Dünyanın heç bir ölkəsində bitmir. Vətəni Topxana meşəsidir. Çox-çox qədimlərdə indiki Şuşa şəhərinin yerində Novruz adlı bir şəhər olub. Şəhər hər tərəfdən qayalar və meşələrlə əhatə olunduğundan oğlanlarının igidlikdə, qızlarının gözəllikdə tay-bərabəri olmayıb. Gül isə hamıdan gözəl idi və özü kimi gözəl, qoçaq bir oğlan sevirdi. O oğlanın adı Bülbül idi, var-dövləti olmasa da, qeyrəti vardı, Vətənini, torpağını sevirdi. Günlərin bir günündə Xar adlı bir hökmdar Gülə elçi göndərir və tələb edir ki, qızı ona versinlər, yoxsa şəhəri viran qoyacaq, hamını qıracaq.
Bülbül vətəninin, xalqının imdadına çatır. Döyüş paltarı geyib, qılıncını götürür, atın birbaşa Cıdır düzünə sürür. Hökmdarı təkbətək döyüşə çağırır. Döyüşün qızğın yerində Gülə elə gəlir ki, Xar qalib gələcək, odur ki, Tanrıya yalvarır: “Ya rəbb, məni Vətənimdən, sevgilimdən ayırma! Ya öldür, ya da çiçəyə, ota döndər. Qoy həmişəlik Vətən torpağında bitib qalım...”
Gül çox ağladı, çox yalvardı və nəhayət, səsi Tanrıya çatdı. Tanrı da onu zərif, hələ insanların görmədiyi, tanımadığı bir çiçəyə döndərdi. Bülbül qalib gəldi, Xarı əsir götürüb, Vətənini yadelli işğalçılardan azad elədi. Lakin sevgilisini nə qədər axtardısa, gördüm deyən olmadı. Birdən Bülbülün gözü tanımadığı, qeyri-adi gözəlliyə malik zərif bir çiçəyə sataşdı. O çiçəyi görən kimi hər şeyi başa düşdü. Məhəbbətin gücü ilə balaca, sarı bir quşa çevrilib gülün ləçəkləri arasına qondu. Gözlərindən qanlı yaş tökə-tökə Vətən və sevgi haqqnda mahnılar oxudu. İşi belə görən Xarn kin-küdurəti içində qaynadı. O, çöl arısına dönərək iti neştərilə Bülbülün köksünə sancıldı. O zamandan neçə-neçə əsrlər keçib, xalq bu zərif çiçəyə Xarıbülbül adı verib...




Tehsil-press.az

Oxşar xəbərlər