Aqrar Sığorta Fondu tərəfindən Balakən və Qax rayonlarında fəaliyyət göstərən fermerlərə sığorta ödənişləri həyata keçirilib.
Bununla əlaqədar olaraq Balakən rayonunun Hənifə kəndi və Qax rayonunun Qaşqaçay kəndlərində fermerlərlə görüşlər keçirilib.
Görüşlərdə yerli fermerlərə aqrar sığorta mexanizmi, onun işləmə prinsipi, sığorta haqlarının hesbalanması, qarğıdalı və taxıl sahələrində zərər hadisəsi baş verdikdə zərərin hesablanması prosesi və sair barədə məlumat verilib.
Bildirilib ki, aqrar sığorta vasitəsilə əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar Sığorta Fondu ümumilikdə 41 bitkini sığorta edir, buraya taxıl, qarğıdalı, günəbaxan, qoz-fındıq, demək olar ki, bütün əsas meyvələr, meyvə bağları, bostan və tərəvəz bitkiləri, qarpız-yemiş və sair bitkilər aiddir.
Bitkiçilik sahəsində sahədən gözlənilən məhsulla yanaşı, ayrıca olaraq ağacları və kolları, eləcə də tingləri də çoxsaylı hadisələrdən sığorta etmək olar.
Qeyd olunub ki, Şəki-Zaqatala regionuna daxil olan Balakən və Qax rayonları təbiət hadisələrinin tez-tez baş verdiyi, qeyri-sabit hava şəraiti olan ərazilər sayılır. Burada baş verən təbiət hadisələri, xüsusilə dolu və sel-subasma halları əkin sahələrinə böyük zərər vurur.
Təsadüfi deyil ki, Aqrar Sığorta Fondunun bu bölgədə həyata keçirdiyi sığorta ödənişlərinin əksəriyyəti də dolu, fırtına və subasma hadisələri üzrədir.
Tədbirdə ödəniş alan fermer Musa Şeyixov aqrar sığorta mexanizminin faydalarını xüsusi qeyd edib. Qarğıdalı sahəsini dolu vurması nəticəsində 10 min manatdan artıq ödəniş alan fermer Aqrar Sığorta Fondunun fəaliyyətini xüsusi qeyd edərək bütün fermerləri təsərrüfatlarını sığortalamağa çağırıb.
Fermer Əkrəm Eminov əkin sahəsinin sığortalanması zamanı fermerin ödəməli olduğu sığorta haqqının məbləğinin həmin sahədən gözlənilən məhsulun dəyəri ilə müqayisədə qat-qat aşağı olduğunu qeyd edərək sığortanın sərfəli olduğunu bildirib.
Tədbirin sonunda fermerlərə sığorta ödənişləri təqdim olunub. Balakən rayonundan fermer Əkrəm Eminova qarğıdalı sahəsində dolu nəticəsində dəyən zərər üzrə 6340 manat, fermer Musa Şeyixova qarğıdalı sahəsində fırtına səbəbindən dəmiş zərərə görə 10 352 manat, Qax rayonundan olan fermerlər Novruz Mənəfov və Ruslan Nəcəfova isə müvafiq olaraq 7 589 manat və 13 181 manat sığorta ödənişi edilib.
Qeyd edək ki, aqrar sığortada fermerlərə 50%-lik dövlət dəstəyi mövcuddur, sığorta haqqının yarısını fermerin əvəzinə dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığorta edə bilərlər.
Şəki-Zaqatala bölgəsində 1000 manatlıq məhsul gözlənilən buğda sahəsinin sığortalanması 19 manata, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) sığortalanması isə illik 7 manata başa gəlir.
Fermerlər öz təsərrüfatlarını AsanPay ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan sığorta edə bilərlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Tehsil-press.az